Məsələnin həlli Barselona və Moskvaya qaldı
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi ekvator xəttini keçdi. Azerisport.az xəbər verir ki, birinci qarşılaşmalardan sonra kiminsə yarımfinalda yerini təmin etdiyi söyləmək üçün insan gərək telepatik keyfiyyətlərə malik olsun.
Bəli, Arsenal – Barselona cütündə Kataloniya klubu daha şanslı görünür. Amma Karles Puyol və Xerard Pikesiz Barsanın müdafiə xətti nə dərəcədə etibarlı olacaq? Maraqlıdır ki, hər iki futbolçu “Emireyts”də cəzalı vəziyyətə düşdü və bu, “topçular” təkrar qarşılaşma ərəfəsində əsas üstünlüklərindən biridir. Hərçənd, Barselonanın daha yüksək səviyyəli futbolçulardan qurulduğu adi gözlə də görünürdü. Üstəlik, hesab da Xosep Qvardiolanı sevindirir.
Matçın qəhrəmanı Zlatan İbrahimov oldu desək, yanılmarıq. Məhz fasilədən sonra onun vurduğu iki qol Barselonaya çox vacib səfər qolları üstünlüyü gətirə bilər. Arsenal məğlubiyyətdən sona 5 dəqiqə qalmış Fabreqasın dəqiq yerinə yetirdiyi penalti hesabına qurtuldu. Və indi “Nou Kamp”da Barsanı 0:0 və 1:1 də qane edir. Amma kim dedi ki, “blauqranyes” minimalqollu heç-heçəyə oynayacaq?
“San Siro”da daha praqmatik futbol izlədik və nəticədə qapılara cəmi bir qol vuruldu. ÇSKA qapısının toxunulmazlığını qorumaq və Moskvaya heç-heçə ilə getmək üçün çox çalışdı. Lakin Joze Mourinyo və onun təhlükəli qol silahı Dieqo Milito qapı torunu bir dəfə silkələdi. Hesabı qorumağı sevən və ən əsası, bacaran italyan komandası üçün 1:0-dan yaxşı hesab fikirləşmək çətindir. “Lujniki”də “hərbçilər” azı iki dəfə fərqlənməli və öz qapılarından top buraxmamalıdırlar. Vəzifə asan görünmür, amma mümkünsüz də deyil. Hər şey Moskvada həll olunacaq.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
Arsenal – Barselona 2:2 (Uolkott, 69; Fabreqas, 85-pen - İbrahimoviç, 46; 59)
İnter – ÇSKA 1:0 (Milito, 65)
