Azerisport.az özü də gülür, sizi də güldürür
Artıq aprelin 2-sidir. Bu tarix sizə nəyisə xatırlatmır?
Bəli, dünən - aprelin 1-i Beynəlxalq gülüş günü idi. Elə bu səbəbdən də azerisport.az zarafatsevərlərə qoşulun sizinlə zarafat etmək qərarına gəldi. Amma…
Siz deyin, əməkdar məşqçi Ağasəlim Mircavadovun bağışlaması bu qədərmi qeyri-realdır? İşsiz olan Ərsun Yanalın Bakı klubuna baş məşqçi təyin olunması bu qədərmi inanılmazdır? Yoxsa, Braziliya yığmasının, özü də 1 milyon avro qarşılığında Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirməyə razılıq verməsi bəlkə fantastikadır?
Hər zarafatda bir həqiqət var və PFL, Bakı FK və AFFA bunları nəzərə alsın. Öz-özünə yeni ideya yarandı: gələn il Azərbaycan futbolu 100 illik yubileyini qeyd edir. Gəlin, bayram təşkil edək və Braziliyadan olan “top sehrbazları” bu bayrama dəvət olunsun!
İnterin prezidenti və baş məşqçisi Georgi Nikolovla Kaxaber Çxadadzenin Əfqanıstana yollanması xəbərinə isə özümüz də ürəkdən güldük. Hələ Asiyaya yollanmaq tezdir, bu cütlüyün İnterdə funksiyaları yekunlaşmayıb.
“Azerisport” isə yaxın gələcəkdə Əfqanıstan versiyasını açmaq fikrində deyil. Amma dünyanın işini nə bilmək olar?
Elə Xəzər Lənkəranın zarafatı da həqiqətə oxşamır. Hər halda, klub Qarabağla oyunu İspaniyadan olan hakimlər briqadasının idarə edəcəyini bildirsə də, rəsmi saytın əməkdaşları özləri də bilmədən səhvə yol veriblər: təxminən elə həmin ərəfədə PFL oyunlara təyinat alacaq hakimlərin adlarının matç günü elan olunacağını bəyan edib.
Gülüş üzünüzdən heç vaxt əskik olmasın!
