Qonaqların günü
UEFA Avropa Liqasında 1/4 finalın ilk oyunları başa çatdı. Azerisport.az xəbər verir ki, bu oyunları səfərdə keçirən komandalar cavab görüşləri ərəfəsində önəmli üstünlük qazandılar.
3 qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə sonuclandı və bu, heç şübhəsiz, səfərdə ən çox istənilən hesablarda biridir. Benfika – Liverpul və Hamburq – Standard görüşlərində hesabı məhz qonaqlar açdılar. Yalnız ikinci hissədə toparlanan portuqallar və almanlar evdə keçirilən oyundan qələbə ilə ayrılmağı bacarsalar da, çətin ki, bu nəticə onları qane etsin. Təcrübəli Liverpul öz şansını qaçırmayacaq, bu mövsüm çoxlarını təəccübləndirən Standard isə daha bir sensasiyaya imza atmağa çalışacaq.
Fulhemlə Volfsburqun mübarizəsindən də Roy Hocsonun komandası üstün ayrıldı. Ümumiyyətlə, Fulhemi evində məğlub etmək asan iş deyil və buna artıq Şaxtyor və Yuventus kimi kollektivlər əmin ola biliblər. Amma eyni sözləri Volfsburq barədə də demək olar. Deməli, səfərdə vurulan yeganə qol “canavarlar”I cavab görüşü ərəfəsində tam qane edir.
Nəhayət, ispan derbisi. Burada bir gün əvvəl ÇL-də baş tutan Arsenal – Barselona cütünün ssenarisi yaşandı. Qolsuz birinci hissə və bol qollu ikinci. Bu dəfə də qonaqlar hesabda iki dəfə önə keçdilər, amma hər iki halda “yarasalar” hesabı bərabərləşdirdilər. Səfərdən heç-heçə ilə dönmək Atletikoya sərf edir, amma eyni sözləri Valensiya – Verder (1:1) görüşündən sonra da qonaqlar üçün deyirdik. Nəticədə isə Bremendəki görüş (4:4) məhz Unay Emerinin komandasını 1/4 finala daşıdı.
