Türkiyə və Macarıstanda qalmaqallı açıqlamaya reaksiya verdilər (FOTO)
Türkiyənin Gənclərbirliyi klubunun prezidenti İlham Cavcavın açıqlaması həm qardaş ölkədə, həm də Macarıstanda böyük səs-küyə səbəb olub.
Azerisport.az xəbər verir ki, oyun alqı-satqısı ilə bağlı hüquq-mühafizə orqanlarına ifadə verən Cavcav klubların belə iş görmədiyini, yığmanın isə 1995-ci ildə Macarıstanla AÇ-96-nın seçmə mərhələ oyununda rəqib qapıçı, ozamanlar məhz Gənclərbirliyində oynayan Jolt Petrini (şəkildə) 25 min dollara aldığını bildirib.
Macar mətbuatında çıxan yazılardan sonra açıqlama verən Petri bütün bunların həqiqətəuyğun olmadığı söyləyib: “Əlbəttə, bu, yalandır! Cavcav pulumu vermədiyi üçün ondan UEFA-ya şikayət etmişdim. O da indi məndən qisas alır”. Keçmiş qolkiper onu da əlavə edib ki, Cavcav bu cür çıxışlarını davam etdirəcəyi təqdirdə, onu məhkəməyə verəcək.
Bununla belə, Gənclərbirliyinin qalmaqalçı prezidentinin sözlərini təsdiqləyənlər də olub. Məşhur türkiyəli idman şərhçisi Ərman Toroğlu bildirib ki, federasiyalar da oyun alqı-satqısı ilə məşğuldur. O hətta bunun mexanizmlərini də açıqlayıb: “Dünya və qitə birinciliklərinin final mərhələlərinə qatılmaq üçün federasiyalar da oyun alırlar. Bizim federasiya da bunu edib! Bundan artıq nəsə desəm, mənə “vətən xaini” adını verərlər. İndi bu barədə danışmaq mümkün deyil. Amma 5-6 sonra hər şeyin üstü açılacaq.
Mən həmişə legionerlərin əleyhinə olmuşam. Çünki yerli futbolçu ilə müqayisədə legioneri oyun satmağa vadar etmək daha asandır”.
