Hakim qərəzi ilə mənasız mübarizə
PFL bundan sonra tura təyinat alacaq hakimlərin adlarının oyun günü açıqlanacağı barədə məlumat yaydı. Və bu məlumat bizə bir daha xatırlatdı ki, Azərbaycanda hakimlərə güvənmirlər.
Azerisport.az xəbər verir ki, bu, ilk belə addım deyil. Bundan əvvəl, hələ PFL yaranmamışdan əvvəl, o vaxtlar çempionatın keçirilməsinə cavabdeh olan AFFA hakimlərlə klubların təmasını mümkün qədər məhdudlaşdırmaq üçün müxtəlif tədbirlərə əl atmışdı. Bu tədbirlərin arasında bugünkü praktika - hansı hakimin hansı oyuna təyinat aldığını oyun günü səhər elan etməkdə var idi. Ən maraqlısı odur ki, fit sahibləri özləri də bu gün hansı stadiona yollanacaqlarını səhər saatlarında öyrənirdilər.
Əlbəttə, “göz yumub daş atmaq” və bu qərarı kor-koranə tənqid etmək düzgün olmazdı. Əgər PFL belə məsləhət bilibsə, deməli ortada səbəblər var. Və bu səbəblər heç vaxt ictimaiyyətə açıqlanamayacaq qədər məxfidir. Bu gün nə PFL, nə Hakimlər Komitəsi çıxıb “filan hakimə filan oyundan əvvəl filan klubun nümayəndələri zəng etmişdilər” deməyəcək. Hərçənd, XL – Neftçi oyunundan sonra elə PFL prezidenti Ramin Musayev mətbuata açıqlamasında Əfqan Həmzəyevi sitat gətirərək, Lənkəranda referiyə zəng olunduğunu, bu barədə liqanın, daha sonra isə klubun vitse-prezidenti Tuyqun Nadirovun məlumatlandırıldığını bildirmişdi. Sonra da bəlli olmuşdu ki, Nadirov məsələni araşdırıb Musayevə cavab deməliymiş, amma nədənsə deməyib. Məsələnin üstündən keçilib…
Və PFL yalnız indi bu işin dalınca düşüb. Liqa nədənsə hesab edir ki, bu effekt verəcək. Bizim buna ciddi şübhələrimiz var.
Birincisi, hakimin daha yaxşı hazırlaşması üçün hansı komandaların oyununu idarə edəcəyini ən azı bir neçə gün əvvəldən bilməsi şərtdir.
İkincisi, satılmış hakim görüşün fasiləsində də olsa, klub nümayəndəsi ilə təmasa girib öz mənfur işini görəcək.
Bu qərar bizi sadə, lakin ən doğru həqiqətə qaytardı: Azərbaycanda hakimlərə güvənmirlər. Təəssüflər olsun ki, hakimlər də hələ bu güvəni qazanmaq üçün heç nə etməyiblər.
Hakimliyin inkişafı futbolun əsas şərtlərindən biridir. Oyun ədalətlə idarə olunmalıdır, çünki futbol elə bir oyundur ki, burada videotəkrarlar nəzərə alınmır və əlində fit olan bir şəxs 20-25 futbolçu, 5-6 məşqçi, onlarla klub əməkdaşının mövsümboyu çəkdiyi zəhməti cəmi bir anın içində yer vura bilər. Belə hadisələrin mümkün qədər az baş verməsi üçün hakimlərimizin səviyyəsini mümkün qədər artırmalıyıq. Amma bu o demək deyil ki, onda səhvlər olmayacaq.
Səhvlər olacaq. Gəlin, bununla mübarizə aparaq.
Qərəzliklik də olacaq. Çünki hər şeyin alınıb satıldığı ölkədə bütün futbol hakimlərinin vicdanlı və ədalətli olmağı qeyri-mümkündür. Bununla mübarizə aparmaq mənasızdır.
