Derbiyə heç oxşamayan matç
Azərbaycanda daha bir derbi arxada qaldı. Bu dəfə əsl derbi, yəni bir şəhərin iki komandasının mücadiləsi.
Azerisport.az xəbər verir ki, nə qədər komandalar arasında gərgin mübarizəsi getsə də, İnterlə Bakı arasında oyunlarda derbi ab-havası hiss olunmur. Bu hər şeydən əvvəl hər iki komandanın azarkeşlərinin az olması, Bakı stadionlarında milli komandanın və klubların beynəlxaq matçları istisna olmaqla, digər oyunlarda ajiotajın yaranmaması ilə əlaqədardır. Nə edək ki, Bakı əhalisi 60 il boyunca şəhərin bir komandasının olduğu fikirləri ilə böyüyüb. Hətta Neftçinin bir neçə ildir düşdüyü acınacaqlı vəziyyət də bu stereotipi şüuraltından çıxara bilməyib. Ümid edək ki, bunun üçün müəyyən vaxta var və İnterlə Bakı məqsədyönlü fəaliyyətlə Cənubi Qafqazın ən böyük şəhərinin futbolunda aparıcı qüvvələr ola biləcəklər.
Hərçənd, bugünkü derbi göstərdi ki, buna hələ çox qalıb. Nə İnter, nə da Bakı təsəvvürləri dəyişə biləcək futbol sərgiləyə bilmədi. Oyunu televiziya vasitəsilə izləyən azarkeş isə köhnə fikirlərində bir qədər də möhkəmləndi. “Şəfa” stadionunun eybəcər konstruksiyası və “İdman Azərbaycan”ın standardlardan uzaq çəkilişi heç vaxt futbolu tələbatlı məhsul edib auditoriyaya satmağa şərait yaratmayacaq.
Heç-heçə heç bir tərəfi qane etmədi. “Bankirlər”i dünən Qarabağı məğlub edən Xəzər Lənkəran sıxır, Bakı isə elə həmin Qarabağla Neftçidən bir qələbə uzaqlığına aralanmaq imkanını qaçırdı.
Adama hərdən belə bir istək gəlir ki, bu mövsüm Azərbaycanı avrokuboklarda yalnız İnterlə XL təmsil etsin. Qalan komandalarda istənilən keyfiyyət yoxdur. Hərçənd, gözümüzün önündə son turlar hər kəsi təəccüblədirən Qəbələ və “Bank komandası”nın bugünkü oyunu kimi əks-nümunələr var.
İnter – Bakı 1:1
