İtirməli olmadığımız Səmədov
İndi ölkədən kənarda onlarla azərbaycanlı futbolçu çıxış edir. Onlardan yalnız bir neçəsi geniş auditoriyaya məlumdur. Çünki səviyyəsi ilə məhz elə həmin “bir neçə nəfər” seçilir.
Azerisport.az xəbər verir ki, Tventeyə transfer olunan Vaqif Cavadov, Anji ilə müqavilə bağlayan Mahir Şükürov, Türkiyədə çıxış edən Anatoli Ponomaryovla Vitali Kovalyov, o cümlədən Rusiya II divizionunda mübarizə aparan Emin Ağayev daim Azərbaycan mətbuatının diqqət mərkəzindədir. Müxtəlif səbəblərdən taleyi ana vətəni ilə bağlı olmayan digər futbolçular da ölkəmizdə tez-tez gündəmə gəlirlər. Məsələn, Aleksandr Səmədovun çıxışını azərbaycanlı futbolsevərlər addımbaaddım izləyir. Və yəqin ki, bunun da əsas səbəbi, belə demək mümkünsə, bu futbolçunun hələ bizim əlimizdən çıxmamasıdır.
Dəfələrlə həm Azərbaycan, həm də xarici mətbuata müsahibəsində babasının azərbaycanlı olmasına baxmayaraq, ölkəmizlə bir əlaqəsi olmadığını bildirən Aleksandr Əliyevdən fərqli olaraq, onun adaşı, Moskva Dinamosunun aparıcı yarımmüdafiəçisi Aleksandr Səmədov soy-kökünü heç vaxt danmayıb. Futbolçu kimi üzə çıxdığı 7-8 ildə Səmədov dəfələrlə Azərbaycan jurnalistləri ilə ünsiyyətdə olub. Bu sətirlərin müəllifi də bir neçə dəfə Saşanı sorğu-suala çəkib. Təəssüratlar möhtəşəmdir: bu oğlanda soy-kökünə bir hörmət duyulur. O, heç vaxt azərbaycanlı olduğunu danmayıb və (diqqət!) heç vaxt Azərbaycan yığmasında çıxış etməyəcəyini deməyib.
Aleksandr karyerasının ilk illərində, 2003-cü ildə millimizin dəvəti ilə Bakıya da gəlmiş və yığmanın məşqlərində iştirak etmiş, ikitərəfli oyunda forma geymişdi. “Şəfa” stadionundakı həmin oyunu canlı izləyən biri kimi deyə bilərəm ki, ozamanlar Rusiyanının gənc istedad kimi “üfürüb əlində gəzdirdiyi” Səmədovda bir sadəlik gözə çarpırdı. Təəssüf ki, Saşanın o səfəri Azərbaycana futbolçu kimi ilk və sonuncu səfəri oldu. Bundan sonra biz çox istedadlı soydaşımızı itirdik.
O hadisənin tam təfərrüatları bizə məlum deyil. Deyilənlərə görə, Səmədov yığma komandanın şəraitini görərək, bundan narazı qalıb və bu cür milli ilə futbolçu kimi inkişafının mümkünsüz olduğunu anlayıb. Futbolçu AFFA rəhbərliyinə yığmaya bir daha gəlməyəcəyi qəti şəkildə bildirib.
Bir neçə il sonra - 2007-ci ilin əvvəllərində, yığma komandanı hələ Şahin Diniyevin çalışdırığı vaxtlarda bu sətirlərin müəllifi Aleksandrla əlaqə quraraq, ondan Azərbaycan millisinə qayıtmağın perspektivlərini öyrənmişdi. Səmədovun cavabı birmənalı deyildi, amma o, imtina edəcəyini də söyləməmişdi.
- Düzü, indi mən Lokomotivdə möhkəmlənmək barədə (futbolçu onda hələ “dəmiryolçular”ın şəfərini qoruyurdu – azerisport.az) düşünürəm. İndi mənə bu daha vacibdir. Əlbəttə, hər bir futbolçu kimi yığmada çıxış etməyi də istərdim. Rusiyadan hələ ki, mənə təklif gəlməyib. Yaxın vaxtlarda gələcəyini də gözləmirəm. Azərbaycan yığması? Məncə, bu barədə danışmaq etikadan bir qədər uzaq olar. Əvvəla, Azərbaycandan jurnalistlərdən başqa heç kəs mənimlə əlaqəyə çıxmayıb. İkincisi də, Rusiya çempionatında bu yaxınlarda yeni qərar qüvvəyə minməlidir. Həmin qərara əsasən, Rusiya vətəndaşı olub-olmamasından asılı olmayaraq, Rusiya yığmasının heyətində çıxış etmək hüququ olmayan futbolçu legioner sayılacaq. Amma mən heç vaxt heç nəyə “yox” demirəm. Gərək konkret təklif olsun, mən də götür-qoy edim. Əlbəttə, həm müsbət, həm də mənfi qərar çox böyük çətinliklər bahasına başa gələcək. Lakin, yenə deyirəm, fikirləşmək lazımdır.
Əlbəttə, bu, “bəli, gəlirəm” demək deyil. Amma “yox” da deyil. Səmədov konkret bildirir ki, onunla heç kəs əlaqəyə çıxmayıb. Hətta düşünməyə də söz verir. Həmin müsahibədən 3 il keçib. Bəlkə futbolçu özü də dediyi bu sözləri unudub. Lakin dəyişməyən bir şey var: Rusiya Futbol Premyer Liqası hələ də Aleksandrın haqqında danışdığı qərarı qəbul etməyib! Bir neçə ildir “legioner” anlayışının dəyişilməsi barədə müzakirələr getsə də, ortabab klubların çoxu bu qərarın əleyhinə çıxır və bu məsələ açıq qalır...
2003-cü və 2007-ci illə müqayisədə bu gün Azərbaycan yığması da çox dəyişib. İndi bizim daha perspektivli, daha rəqabətədavamlı, daha yaxşı tanınan millimiz var. Federasiyada şərait baxımından hər şey qaydasındadır, yığma komanda maliyyə imkanlarına, təlim-məşq toplanışlarına, maddi-texniki bazasına, geyim dəstlərinə, inzibati personal və məşqçi korpusunun səviyyəsinə görə elə həmin Rusiyadan nisbətən geri qalır. Amma bu fərq bir neçə əvvəl olduğu kimi, böyük uçuruma bərabər deyil. Azərbaycan yığmasının inkişafı da, düzgün kurs götürüləcəyi təqdirdə, zaman məsələsidir. Belə olan halda, niyə də yenə Səmədovu öz kökünə qaytarmayaraq? Artıq ona, 7 il əvvəl olduğu kimi, “tərli mayka” verilməyəcək. Niyə də Rusiyanın bu gün ən yaxşı yarımmüdafiəçilərindən Aleksandr atasının vətəninin komandasında forma geyməsin?
İnanın ki, bu elə də çətin məsələ deyil. Hər şey AFFA-nın və onun ağıllı siyasətinin əlindədir. Və əgər kimsə assosiasiyanın hansısa futbolçunun arxasınca qaçmağı yolverilməz hesab edirsə, yanılmasın, Yıldıray Baştürk uğrunda Türkiyə və Almaniya yığmalarının mübarizəsini xatırlasın. Futbol mübarizədir və mübarizədə çox vaxt ən güclü olan yox, ən inadkar olan qalib gəlir. Səmədov Azərbaycan yığmasına lazımdır. Onun soyadı və görünüşü məhz Azərbaycan yığmasına layiqdir.
