Bülənt Qorxmaz Jabanı Türkiyəyə qaytarır
Bakının braziliyalı futbolçusu Joao Silvinyo de Karvalyo, yaxud qısaca Jaba mövsümün sonunda klubunu tərk edəcək. Azerisport.az Türkiyə mətbuatına xəbər verir ki, vaxtilə 6 il Ankaragücü və Ankaraspor klublarının şərəfini qorumuş hücumçu ilə bir neçə Superliqa klubu maraqlanır. Müqaviləsi yayda başa çatan Jabanın qardaş ölkəyə dönəcəyi gözlənilir.
Bu xəbəri Bakının keçmiş baş məşqçisi Bülənt Qorxmaz da təsdiqləyib. “Mən Bakıya gələndə o 10-a yaxın oyun keçirmiş və qol vura bilməmişdi. Yaxından tanıdığım üçün Jabaya şans verdim və ümidlərimi doğrultdu. İkinci dövrədə daha yaxşı oynamağa başladı. Mövsümün birinci yarısında komandanın problemləri olduğu üçün bu ona da təsir etmişdi. Mövsümün sonunda müqaviləsi bitir və Superliqaya qayıdacağı istisna deyil. Söhbətlərimizin birində Türkiyəyə qayıdacağını demişdi” – Türkiyə mətbuatına müsahibəsində Qorxmaz belə deyib.
Yayılan xəbərlərə görə, Jaba ilə əvvəlki klubu Ankaragücü və digər paytaxt təmsilçisi Gənclərbirliyi maraqlanır.
