Bir davanın qiyməti 4 min manat
Bu gün AFFA Nizam-İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, Neftçi – Qəbələ görüşündə düşən dava-dalaşın səbəbkarları – Rail Məlikov və Revaz Getsadze hərəyə 2 oyunluq cəza alıblar, klublar isə hərəyə 2 min manat məbləğinə cərimələnib. Lakin PFL-in rəsmi saytı yazır ki, futbolçulara verilmiş cəzanın yarısı (1 oyun) şərti olaraq tətbiq edilir. Yəni futbolçu 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə edilir.
Bundan əlavə, Karvan – Standard görüşündə qırmızı vərəqə almış Emin Quliyev və oyundan sonra hakimi təhqir etmiş Zaur Ramazanovun hərəkətləri Yevlax klubuna 4 min manata başa gəlib. Karvan hər iki oyunçununu xidmətindən qarşıdakı iki görüşdə yararlana bilməyəcək.
