İynə üstündə, yaxud hansı baş məşqçi postunu birinci təhvil verəcək
Müasir məşqçilərin işi heç də asan deyil: yüksək rəqabət şəraitində dərhal nəticə verməlisən. Əks halda, klubdakı fəaliyyətin uzun çəkməyəcək. Azərbaycan klublarının rəhbərləri də səbrsizlikdən əziyyət çəkirlər. Bircə o detala diqqət yetirməyə dəyər ki, Simurq və Qəbələ istisna olmaqla, bütün digər Premyer Liqa klublarında son 2-3 ildə baş məşqçi postunda ən azı iki dəfə dəyişiklik edilib.
Azerisport.az hazırda “Unibank” Premyer Liqasında mübarizə aparan 12 baş məşqçinin mövsümün sonunda getmək və qalmaq şanslarını dəyərləndirir. Dərhal bildirək ki, özünəməxsus reytinq siyahısının tərtibatı zamanı hər hansı şayiə və söz-söhbətlər yox, klub rəhbərlərinin rəsmi açıqlamaları və saytımızın öz mövqeyi nəzərə alınıb.
1. Roman Pokora (Simurq) – mövsümün sonunda getmək ehtimalı 90%
Nə qədər paradoksal səslənsə də, ukraynlı mütəxəssis bu gün üçün Premyer Liqa klublarını çalışdıran məşqçilər arasında postunu tərk etməyə ən real namizəddir. Simurq rəhbərliyi hər zaman sabitliyi və ardıcıllığı xoşlayıb. Elə buna görədir ki, 2005-ci ildə yaradılan, bir il sonra isə yüksək liqaya vəsiqə qazanan “sarı-qaralar” Pokoranın rəhbərliyi altında çalışdığı hər mövsüm nəticələrini bir qədər yaxşılaşdırıblar: 9-cu yer, 7-ci yer, 3-cü yer. Məhz ötən mövsüm sürpriz şəkildə qazanılan bürünc medalın nəticəsi idi ki, Roman Pokoraya PFL tərəfindən “mövsümün ən yaxşı məşqçisi” mükafatı da verildi. Amma indi 62 yaşlı mütəxəssisin perspektivləri dumanlıdır. Birincisi, Simurq bu mövsüm xeyi geriləyib və ən yaxşı halda 7-ci pillədə qərarlaşacaq. İkincisi və ən əsası, klub prezidenti Zaur Məmmədov yayda Pokoranın Simurqu tərk edəcəyini rəsmən açıqlayıb.
2. Yunis Hüseynov (Karvan) – 80%
Birvaxtların qorxulu Karvanının indiki vəziyyətinə yalnız təəssüflənmək olar. Və komandanın bu duruma düşməsində bəlkə də ən az pay sahibi olanlardan biri baş məşqçi Yunis Hüseynovdur. Son illərin ən perspektivli məşqçilərin olan Hüseynov həm də 2005-06-cı illərin məğlubedilməz Karvanının memarıdır. Bununla belə, onun istefa şansları yüksəkdir. Ambisiyalı mütəxəssisin işdən azad olunması bir yana, komandanın aşağı dəstəyə yuvarlanacağı təqdirdə onun özünün Yevlaxda qalacağı inandırıcı görünmür.
3. Böyükağa Hacıyev (Standard) – 80%
Demək olar ki, eyni vəziyyət də Sumqayıtda yaşanır: Standardın yüksək liqanı tərk edəcəyi təqdirdə çətin ki, Böyükağa Hacıyev missiyasını davam etdirsin. Onu mövsümün əvvəlində Valdas İvanauskasın yerinə ona görə gətirmişdilər ki, komandanı ağır vəziyyətdən çıxarsın. Hacıyev gələn kimi litvalı mütəxəssisin işini və etdiyi transferləri ciddi tənqid atəşinə tutdu. Yeni kollektiv qurdu, bir neçə futbolçunun komandaya cəlb etdi, lakin Standard yenə də Turan və Muğanla rəqabət girə bilmir və əvvəlki tək 11-ci pillədədir.
4. Cüneyt Biçər (Bakı)– 75%
Bir neçə gün əvvəl Bülənt Qorxmazın yerinə təyin olunan Cüneyt Biçərin siyahıda Pokora, Hüseynov və Hacıyevdən sonra qərarlaşmasının yalnız bir səbəbi var: bu mütəxəssisə mövsümün qalan hissəsində inanılmazı reallaşdıracağı, yəni Bakını çempion edəcəyi təqdirdə postunu qorumaq imkanı verilə bilər. Əks halda, iddialı və böyük planlar quran bir komandanın faktiki olaraq, məşqçi təcrübəsi olmayan bir şəxsə uzun müddətə həvalə olunması inandırıcı görünmür.
5. Almir Hurtiç (Muğan) – 65%
Bosniya və Herseqovina gənclər yığmasının da baş məşqçisi olduğu Hurtiç Muğanın keçmiş çalışdırıcısı Kemal Alispahiçin “yadigarı”dır. Almir Azərbaycana məhz həmyerlisinə kömək etmək üçün gəlmişdi, lakin onun istefasında sonra Salyanda qalıb işini davam etdirdi. Muğan öz potensialına və imkanlarına görə heç də pis oynamır. Amma çətin ki, bu, Hurtiçə klubda qalmağa kömək etsin. Növbəti mövsüm daha iddialı olacağı gözlənilən Salyan təmsilçisinin təcrübəli mütəxəssislə müqavilə bağlayacağı inandırıcıdır.
6. Arif Əsədov (Neftçi) – 60%
Daha bir müvəqqəti sima. Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çalışan Əsədov heç cür “yanğınsöndürən” funksiyalarından kənara çıxa bilmir. Neftçi rəhbərliyi məşqçi dəyişikliyinə öyrəşib və Əsədova yalnız “baş məşqçi əvəzi” funksiyalarının tapşırılması ondan xəbər verir ki, növbəti mövsümdən etibarən ölkənin ən titullu klubunu başqa bir tanınmış mütəxəssis çalışdıracaq. Bəlkə də Əsədov yenə Neftçidə qalacaq və yeni baş məşqçinin istefasından sonra komandaya müvəqqəti rəhbərlik edəcək.
7. Nazim Süleymanov (Olimpik-Şüvəlan) – 50%
Ötənlərin məşhur futbolçusunun müstəqil məşqçi karyerası hələ ki, uğurlu keçmir. Bir neçə il elə bir müvəffəqiyyət qazanmadan karyerasını bitirdiyi Soçi Jemçujinasını çalışdıran, sonra yeni yaradılan Xəzər Lənkəranın ilk baş məşqçisi olan Nazim Süleymanov bu müddətdə heç bir nəticə əldə etməyib. Mütəxəssis Olimpik-Şüvəlanı da ilk “altılığ”a daşıya bilmədi, amma insaf naminə bildirək ki, Süleymanov gələndə komanda şanslarını xeyli çətin salmışdı. İndi şüvəlanlılar 7-ci yer uğrunda mübarizə aparır. Lakin yaxşı oyun göstəriləcəyi təqdirdə Nazim bəyin yayda Olimpiki yeni mövsümə hazırlamaq perspektivləri yüksələ bilər.
8. Nizami Sadıqov (Turan) – 40%
Tovuz futbol məktəbinin əfsanəsi, yeni başlayan məşqçi. Nizami Sadıqov Turan üçün böyük əhəmiyyət daşıyır və klub rəhbərliyinin yaxın vaxtlarda “qalaqurma” edəcəyi inandırıcı görünmür. Komandanın bir neçə ay içində pullu sponsor tapıb medallara oynayacağı real deyil, deməli, işi ilə Tovuz azarkeşlərini qismən sevindirən Sadıqovu yerindən tərpətməyə heç bir ehtiyac yoxdur. Hər halda, normal heyətlə bu mütəxəssis Turanı növbəti mövsüm də elitada saxlamağa qadirdir.
9. Qurban Qurbanov (Qarabağ) – 20%
Son həftələrdə Qurban Qurbanovun istefaya göndəriləcəyi ilə bağlı söz-söhbətlər gəzir. Amma söz verdiyimiz kimi, şayiə və söz-söhbətləri kənara qoyub analiz etməyə çalışaq. Niyə Qurbanov istefaya göndərilsin? Komandanın nəticələrini birdən-birə pisləşdirməsinin əsas səbəbi futbolçuların həddən artıq yorulması və ehtiyat oyunçular skamyasının qısalığıdır. Üstəlik, mütəxəssis başdan-başa yerli futbolçulardan ibarət gözəl kollektiv qurmaqla bəzi stereotipləri məhv edib. Deməli, ona daha bir şans vermək olar və yəqin ki, veriləcək.
10. Ramiz Məmmədov (Qəbələ) – 10%
Mövsümün birinci hissəsində o, istefaya ən yaxın məşqçilərdən sayılırdı. Amma hər şey birdən-birə dəyişdi və bu gün Ramiz Məmmədovun rəhbərlik etdiyi ortabab kollektiv tərifli favoritləri devirməklə avrokuboklara iddia edir. Hətta bu məqsədə çatılmayacağı təqdirdə belə Məmmədovun postunda qalacağı gözlənilir. Hər halda, son turlar göstərilən futbolla rəhbərliyə bir ümid və işarə verilib.
11-12. Kaxaber Çxadadze (İnter), Ağasəlim Mircavadov (XL) – hər ikisi 5%
Hər iki mütəxəssis necə deyərlər, rəsmiyyət naminə və hər ehtimala qarşı siyahıya salınıb. Çxadadze və Mircavadov öz komandalarını çempionluğa daşıyır. Ən azından İnter və XL-in avrokuboklara düşəcəyi şübhəsizdir və çətin ki, belə şəraitdə rəhbərlik hər hansı dəyişikliyə əl atsın. Əlbbətə, hər hansı gözlənilməz hadisə baş verməzsə… Amma bu hadisənin də baş vermə ehtimalı elə həmin 5%-ə bərabərdir.
