Aleksandr Səmədov: Əliyevlə tez-tez soy-kökümüz barədə danışırdıq
Moskva Dinamosunun azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov bir daha Azərbaycan yığmasında oynamağın perspektivlərindən söz açıb.
Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində milliyı gəlişinə əsas maneçilik törədən amilin vətəndaşlıq məsələsi olduğunu bildirib: “Ortada vətəndaşlıq məsələsi var. Azərbaycan yığmasında oynasam, avtomatik olaraq, Rusiyada legioner hesab ediləcəyəm. Heç vaxt damarlarımda azərbaycanlı qanının axdığını danmamışam və istəmirəm ki, Azərbaycanda mənim barədə pis fikirləşsinlər. Sadəcə, Rusiyada çıxış etmək üçün yerli futbolçu sayılmağın vacib şərtdir. İkili vətəndaşlıq? Dinamoda bəzi legionerlər bu məsələni gündəmə gətirdilər, amma onlara başa saldılar ki, bu halda da onlar əcnəbi sayılacaqlar (Aleksandrın haqqında danışdığı qərar qəbul olunmayıb – azerisport.az)”.
Səmədov vaxtilə həm soyadı, həm də görünüşünə görə Moskvada problemlərlə üzləşdiyini söylədi. O, həmçinin digər həmyerlimiz – hazırda Lokomotivdə çıxış edən Aleksandr Əliyevlə soy-kökləri barədə danışdığını da dilə gətirib: “Nə gizlədim, görünüşüm üzündən vaxtilə müəyyən çətinliklər yaşamışam. Bu, çox kədərli faktdır. Amma gərək futbol barədə düşünək, kənara amillər haqqında yox.
Əliyevlə Spartakın futbol məktəbində bir yerdə oxumuşuq. Onunla çox tanışam. İndi yox, amma əvvəllər tez-tez soy-kökümüz barədə söhbətlərimiz olurdu”.
Maraqlıdır ki, Aleksandr Anjiyə transfer olunan Mahir Şükürov barədə eşitsə də, nə onun adını, nə də çıxış etdiyi klubu düzgün tapmadı: “Səhv etmirəmsə, Rusiyanın qapısına qol vuran futbolçunu transfer ediblər. Yox? Mahir Şükürov, Anjiyə? Düzünü desəm, kiminsə Alaniyaya keçdiyini düşünürdüm. Ona uğurlar arzulayıram”.
