8 aprel 2010 01:38
Van Qal Hitsfeldin heyfini çıxdı, Lion yarımfinala adladı (YENİLƏNİR)
Bu gün UEFA Çempionlar Liqasının 2009/10 mövsümünün daha iki yarımfinalçısını müəyyənləşdi. Azerisport.az xəbər verir ki, İnter və Barselonada sonra Bavariya və Lion da yarımfinala vəsiqə qazandılar.
UEFA Çempionlar Liqası
1/4 final, cavab qarşılaşmaları
Mançester Yunayted – Bavariya 3:2
Gibson, 3 (1:0); Nani, 7 (2:0); Nani, 41 (3:0); Oliç, 43 (3:1); Robben, 74 (3:2)
Qırmızı vərəqə: da Silva, 50 (MY)
İlk oyun: 1:2
Mançester Yunayted "Old Trafford"da möhtəşəm idi! Amma yalnız ilk dəqiqələrdə. Ser Aleks Fergüsonun yetirmələri start fiti verilən kimi qol yağışı olub Bavariyanın "üstünə yağdılar". Artıq 41-ci dəqiqədə - hesab 3:0 olarkən, heç kəs "mankunianlar"ın mərhələ adlayacağına şübhə etmirdi. Lakin əvvəlcə İvitsa Oliçin qolu, ikinci hissənin əvvəlində isə Rafael da Silvanın gördüyü qırmızı vərəqə vəziyyəti 180 dərəcə dəyişdi. Matçın qalan dəqiqələrində MY-ni - Old Traffordda! - qapısı ağzına sıxan FK "Hollivud" məsələni sona 16 dəqiqə qalmış həll etdi. Aryen Robbenin qolu gözəl olduğu qədər də vacib idi. Və bəlkə də bu qələbəyə hamıdan çox iki baş məşqçi sevindi: 1999-cu ildə "Nou Kamp"dakı məşhur finalda Bavariyanın sükanı arxasında olan Otmar Hitsfeld və bu qələbə ilə futbol Olimpinə dönən Lui van Qal. Yarımfinalda İngiltərə klubu yoxdur. Stereotiplər belə məhv edilir!
Bordo - Lion 1:0
Şamax, 45 (1:0)
İlk oyun: 1:3
Son illərin ən güclü Bordosu, Loran Blanın istedadlı komandası 1/4 finalda həmyerlisi Lionun simasında "qayaya rast gəldi". Bu cütdə "jirondistlər"in şansları daha yüksək qiymətləndirilsə də, MY-dən fərqli olaraq, Lion "Şaban Delmas"da sona qədər dözdü. Bordolu azarkeşləri bombardir Maruan Şamaxın 45-ci dəqiqədə vurduğu qol çox ümidləndirmişdi. Amma bu ümidləri Klod Pyuelin ustalıqla qurduğu müdafiə xətti puç etdi. Nəhayət, Lion da yarımfinal üzü gördü. Ən maraqlısı isə odur ki, biz, nəhayət, uzun fasilədən sonra finalda ya alman, ya da fransız komandası görəcəyik. Düzü ingilislərdən, ispanlardan və italyanlardan artıq hamı bezmişdi. UEFA sevinə bilər!
Yarımfinalda görüşəcəklər: Barselona - İnter, Bavariya - Lion
