Yuventusdan Azərbaycan klublarına nümunə
Yuventus rəhbərliyi Azərbaycan klublarına örnək ola biləcək addım atıb. Azerisport.az xəbər verir ki, bu gün klub prezidenti Jan-Klod Blan baş direktorun köməkçisi Roberto Betteqa, baş məşqçi Alberti Dzakkeroni və bir neçə aparıcı futbolçu ilə görüşərək, komandanın nəticələrinin yaxşılaşdırılması üçün tədbirlər planını açıqlayacaq. Sportmediaset.it yazır ki, bu “plan”ın tərkib hissəsi kimi maaşların ödənilməsinin müvəqqəti olaraq, dayandırılması məsələsi müzakirə olunacaq.
Bu mövsüm uğursuz nəticələr göstərən Yuventusun indi yalnız bir stimulu qalıb: növbəti mövsüm Çempionlar Liqasına vəsiqə verən 4-cü yeri tutmaq. Komanda ÇL-in qrup mərhələsindən sonra mübarizəni dayandırıb. Qrupda 3-cü yer tutduğu üçün vəsiqə qazandığı Avropa Liqasınını 1/8 finalında isə Fulhemə iki oyunun nəticəsinə görə (evdə 3:1, səfərdə 1:4) məğlub olub. Bundan əlavə, “Qoca Sinyora” İtaliya kubokunun 1/4 finalında İnterə boyun əyib. A seriyasında isə hazırda 7-ci yeri tutur. Hətta mövsümün gedişində Çiro Ferraranın əvəzinə baş məşqçin postuna Alberto Dzakkeroninin də gətirilməsi bir effekt vermədiyindən, klub rəhbərliyi artıq ilk baxışdan absurd görünən addımı atmağa məcbur olub. Blan xüsusi qeyd edib ki, bu, yəni maaşların qələbələr gələnə kimi dayandırılması, rəhbərlik tərəfindən nəticələrin yaxşılaşdırılması yolunda bu mövsüm sonuncu addım olacaq.
Avropa İttifaqına daxil olan İtaliyanın və müqavilənin şərtlərinin “nöqtə-vergülünə kimi” əməl olunmasına alışmış Yuventus futbolçularının bu addıma hansı reaksiyanı verəcəyi hazırda məlum deyil. Amma niyə də Blan ciddi ölçülər götürməsin? Hər halda, o, rəhbərlikdə əyləşmiş bir neçə digər şəxslə birlikdə komandanın nəticə qazanmasına cavabdehdir. Elə həmin İtaliyanın dünyaca məşhur filosofu Nikolo Makiavellinin hələ XVI əsrdə səsləndirdiyi tezis indi də bir çox italyanlar üçün həyat prinsipidir: “Məqsəd vasitəyə haqq qazandırır“. Görünür, əslən fransız olan Jan-Klod Bland artıq “italyanlaşıb”.
Dünyanın ən məşhur klublarından olan Yuventusun rəhbərliyinin bu addımını Azərbaycan klublarına da bir örnək saymaq olar. Əgər futbolçu oynamırsa, pulunu kəs və yalnız qələbə qazanacağı təqdirdə maaşın ödəniləcəyini xatırlat. Futbolçu üçün bir nömrəli stimul puldur və o alın təri ilə qazanmış bu pulu cibinə qoymaq üçün dəridən-qabıqdan da çıxacaq. Üstəlik, çətin ki, bizdə kiminsə UEFA və FİFA-ya şikayət etməyə cürəti çatsın. İstənilən halda, klublar bu mübahisədən qalib çıxacaq. Səbəbi də hər kəsə məlumdur: futbolçu əmək müqaviləsinə əsasən ayda rəsmən... 400-450 manat maaş alır!
