Azərbaycanlıların Rusiyada macəraları
Azərbaycan yığmasının keçmiş baş məşqçisi, hazırda Terekdə çalışan Şahin Diniyev təmsilçilərimizin Rusiya premyer liqasındakı çıxışına toxunub. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində Diniyev bir neçə perspektivli həmyerlimizi indidən milli komandaya cəlb etməyin lazımlılığını önə çəkib.
Mahir Şükürov
“Mahir Anjiyə lazımdır, amma o bir qədər gözləməlidir. Hacı Hacıyevi də başa düşmək olar; qalib heyəti dəyişməzlər. Mahaçqala klubunun müdafiə xəttində dəyişikliklərə ehtiyac olanda, Mahir öz şansını qaçırmayacaq. O, əla futbolçudur və Anjiyə hələ çox kömək olacaq”.
Aleksandr Səmədov
“Bu futbolçu ilə bağlı yığmanın məşqçi korpusu qərar verməlidir. Əgər baş məşqçi onu ixtiyarında görmək istəyirsə, Səmədovu yığmaya cəlb etmək üçün bütün vasitələrə əl atmaq lazımdır. Amma Aleksandr gərək özü də Azərbaycan millisində çıxış etmək istəsin. İstəyirmi? Deyə bilmərəm, çünki onunla danışmamışam”.
Emin Mahmudov
“O, artıq yetişib. Oyununu çox bəyənirəm. Bu cür futbolçu milliyə xeyir verərdi. Amma danışıqlara indi başlamaq lazımdır, əks halda, gec ola bilər. Bir neçə dəfə Saturnun oyunlarında “18-liy”ə düşüb, amma meydançaya çıxmayıb”.
Digərləri
“Mən hər zaman yığmaya kömək etməyə hazıram, amma mənə hələ müraciət edən olmayıb. Məsləhət istəyirsinizsə, gənc futbolçularla maraqlanmaq lazımdır. Saturn, Lokomotiv, Rostov və digər komandaların aşağı yaş qruplarında gənc həmyerlilərimiz oynayır. Onları milli komandalara cəlb etmək lazımdır”.
