Aşağı səviyyəli hücum, yaxud Azərbaycanda necə qapısız oynayırlar?
Müasir futbol praqmatikliyə meyllidir. Amma yenə də dünya klubları güclü hücumçulara pul xərcləməyə heyfsilənmir. Təsadüfi deyil ki, dünyanın ən bahalı futbolçularının siyahısında da forvardlar ön sıralarda gəlir.
Azerisport.az xəbər verir ki, futbolumuza böyük pullar gəldikcə, premyer liqada rəqabət artdıqca... hücumçuların məhsuldarlığı azalır. Bu gün “Unibank” Premyer Liqasının 10 ən yaxşı bombardirinin yalnız yarısı “təmiz” hücumçudur. Qalanları isə ya nisbətən arxadan oynayır, ya yarımmüdafiə xəttində mübarizə aparır, ya da ümumiyyətlə, orta xəttin dayaq zonasında və... müdafiənin mərkəzində çıxış edir.
Diqqət yetirin, premyer liqanın bombardirlərindən olan Adrian Nyaqaya mərkəz hücumçusu deməyə adamın dili də gəlmir. Rumıniya yığmasının keçmiş futbolçusunu Neftçidə daha çox dispetçer mövqeyində görməyə öyrəşmişik. Bu da bir kənara dursun, Nyaqa 11 qoldan demək olar ki, yarısını (5) penaltidən vurub. Onunla “qol krallığ”ını bölüşən Anatoli Doroş (Olimpik-Şüvəlan) isə olduqca qeyri-sabitdir; moldovalı hücumçu ilk 7 qolunu hələ 2009-cu ildə rəqib qapılarından keçirmişdi. Digər 4 topunu isə son 3 turda vurub. Doroşun zədədən və ya digər problemlərdən uzun müddət əziyyət çəkdiyi barədə də eşitməmişik. Deməli, problem hücumçuların özlərinin səviyyəsinin elə də yüksək olmamasındadır.
Hamımızın Jaba kimi tanıdığı Joao Silvinyo de Soareş bu gün Bakının əsas qol ümidi olsa da, Türkiyədə bombardir kimi tanınan futbolçu (Ankaraspor və Ankaragücüdə 5 mövsümə 35 qol) cəmi 9 dəfə fərqlənib. Deyə bilərsiniz ki, Azərbaycanda onun orta göstəricisi daha yüksəkdir. Amma axı “Unibank” Premyer Liqası da “Türkcell” Superliqası deyil. Və prinsipcə, qardaş ölkədə potensialı yüksək qiymətləndirilən Jaba Azərbaycanda “aləmi dağıtmalıdır”.
4 nəfərin aktivində 8 top var: Fərid Quliyev (Standard), Mario Souza, Allan Lalin (hər ikisi XL) və Girts Karlsons (İnter). 24 oyuna 8 top. Geniş danışmağa ehtiyac yoxdur, çünki hər üç oyuna 1 qol vuran hücumçuya çətin ki, hansısa Avropa klubunda müştəri düşsünlər. Əlbəttə, nəzərə almaq lazımdır ki, Souza orta xətdə çıxış edir, Lalin bir müddət zədədən əziyyət çəkib, Quliyev isə Vladimir Mazyar və Vitali Balamestnının gəlişindən sonra ehtiyatda qalmağa başlayıb. Amma sizcə, hansı məşqçi hər oyunda qol vuran və həmkarlarını üstələyən forvarddan imtina edər? Karlsons klubunda Robertas Poşkusla rəqabət aparmağa çətinlik çəkir. Və nə qədər qəribə olsa da, Latviya yığmasının forvardı litvalı həmkarından daha çox top vurub. Poşkusun aktivində 7 qol var.
Bir o qədər də Simurqun dayaq yarımmüdafiəçisi, komandanın kadr islahatlarından sonra müdafiənin mərkəzində oynamağa başlayan Ruslan Qunçak fərqlənib. Ukraynalı futbolçu bu qollardan 4-nü penaltidən vursa da, unutmayaq ki, bu mövsüm Simurqun heyətində Elşən Məmmədov (4 qol) və Nikolay Petrov (2) kimi hücumçular var idi. Amma diqqət yetirdinizsə, onların ikisi bir yerdə Qunçak qədər fərqlənə bilməyiblər.
Bütün bunları – bombardirlər siyahısını, çempionatın çox aşağı məhsuldarlıqla keçməsini ümumiləşdirsək, bütün premyer liqa klublarında hücumçu probleminin olduğunu görərik. Əlbəttə, hər bir vəziyyət fərqlidir və hər oyunçuya fərdi yanaşmaq gərəkdir. Amma Azərbaycanda bombardirlik keyfiyyəti ilə seçilən forvardlar demək olar ki, yoxdur. Və bu cür məhsuldarlıqla Avropada heç nəyə ümid etmək olmaz.
