Dostlar düşmənlərə çevriləndə...
Unibank Premyer Liqasında 27-ci turun ilk oyun günü geridə qaldı. Azerisport.az xəbər verir ki, günün 3 oyununda maraqlı tendensiya yaşandı.
Bu tendensiya ondan ibarətdir ki, birdən-birə 4 futbolçu sabiq komandasını məyus etdi. Qarabağ – Neftçi görüşündə Georgi Adamiya, Muğan – OŞ matçında Fərrux İsmayılov fərqləndi. Standard – Simurq qarşılaşmasında isə birdən-birə iki hücumçu sabiq klubunu cəzalandırdı: sumqayıtlılardan Vladimir Mazyar, “sarı-qaralar”dan isə Elşən Məmmədov aktivlərinə qol yaza bildilər. Hərçənd, Zaqatala klubunun tarixində hələ də ən yaxşı bombardir ünvanın qoruyan Mazyardan fərqli olaraq, Elşən qolunu böyük sevinclə qeyd etdi. Bu da təbiidir: Simurqun kapitanı cəmi 4 ay ərzində qırmızı rəngli formanı geyinib.
Mazyarın vurduğu qola sevinməməsi, Cokiça Haciyevskinin görüşdə iştirakı və Fərid Quliyevin millinin baş məşqçisi Berti Foqtsun gözləri qarşısında sərgilədiyi əla futbol Standard – Simurq matçına bəzək verən amillər oldu. Bu qarşılaşmada 4 qolun vurulmasına baxmayaraq, elə də maraqlı oyunun getdiyini söyləmək olmaz. Eyni sözləri Muğan – OŞ matçı barədə də demək mümkündür. Bu iki qarşılaşmada artıq motivasiyasını itirmiş iki kollektiv, premyer liqada qalmaq uğrundan mübarizə aparan iki komandaya yenildi. Bir sözlə, qanunauyğunluq yaşandı.
Ramiz Məmmədov verdiyi sözü tuta bilmədi, amma çətin ki, kiminsə buna görə onu qınamağa haqqı çatsın. Qəbələ evdə İnterə qalib gəlməyi bir yana, məğlubiyyətdən son dəqiqə qolu ilə qaçsa da, Neftçinin məğlubiyyətindən sonra avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərinə bir addım yaxınlaşmağı bacarıb. Final mərhələsinin sonuna isə hələ 5 tur var və hər komanda ilə daha bir dəfə üz-üzə gəlmək imkanı olacaq.
Qəbələdən fərqli olaraq, İnter sabah Bakı – XL görüşündə ya meydan sahiblərinə, ya da heç-heçəyə azarkeşlik edəcək. Ağasəlim Mircavadovun komandası bir qələbə ilə liderliyi ələ alır və çətin ki, bundan sonra kimsə onları “zirvə”dən sala bilsin. Xüsusilə Qarabağın bugünkü qələbəsindən sonra Kaxaber Çxadadze və onun komandası kürəyində daha bir rəqibin nəfəsini hiss etməyə başlayıb.
Quzanlıdakı görüşün qəhrəmanı isə Georgi Adamiya oldu. Amma keçmiş vaxtlarda fərqli olaraq, bu dəfə Adamiyanın qəhrəmanlığı Neftçiyə sevinc gətirmədi. Müəyyən fasilədən sonra Qarabağa qələbə gətirən gürcüstanlı forvard qolu və məhsuldar ötürməsi ilə komandasına yeni nəfəs verdi. İndi ağdamlılar yenidən medallar uğrunda mübarizəyə qoşula bilərlər. Neftçi isə bu cür nəticələrlə yerini tezliklə Qəbələyə də təhfil verməli olacaq.
Turnir vəziyyəti:
İlk "altılıq": İnter – 24 xal (15), XL – 22 (14), Qarabağ - 19 (15), Bakı – 17 (14), Neftçi – 16 (15), Qəbələ - 15 (15).
İkinci "altılıq": Simurq – 26 (15), OŞ – 25 (15), Turan - 20 (14), Muğan – 20 (15), Standard – 18 (15), Karvan – 9 (14).
