Növbədə İnter?
Bu gün “Unibank” Premyer Liqasında 27-ci tura start verilir. Azerisport.az xəbər verir ki, günün ən böyük maraq doğuran qarşılaşması Quzanlıda keçiriləcək.
Qarabağ və Neftçi bütün Azərbaycan çempionatlarının iştirakçısı olan 3 komandadan 2-sidir (digəri - Turan). Məhz, buna görə də ağdamlılarla ölkənin ən titullu klubunun qarşılaşması müstəqil Azərbaycan futbolunun ən qədim tarixli dueli kimi qiymətləndirilir. Artıq bir neçə mövsümdür ki, nə Qarabağ, nə də Neftçi qızıl medallar uğrunda mübarizədə əsas söz sahibləri ola bilmirlər. Amma bunun gərgin mübarizəyə elə bir təsiri varmı? Rəşad Sadıqov, Rəşad Sadiqov, Elnur Allahverdiyev və digərləri üçün Neftçi ilə görüşün prinsipiallığından əlavə danışmağa dəyərmi? Bəlkə məşqçi karyerasına elə “ağ-qaralar”ın “sükanı arxası”nda başlayan Qurban Qurbanov həm də futbolçu kimi çıxış etdiyi komandanı bir daha məyus etmək istəməsin? O başqa məsələ ki, bu gün Qarabağla Neftçi təxminən eyni səviyyədədir və əvvəlcədən üstünlüyü kiməsə vermək doğru olmazdı.
İlk “altılığ”ın digər görüşü üçün İnter Qəbələ yollanacaq. Təmirdə olan Qəbələ stadionunun ehtiyat meydançasında “altılığ”ı “açan və qapayan” komandalar üz-üzə gələcək. Ramiz Məmmədovun komandası əla formadadır. Və hələ bir həftə əvvəl saytımıza müsahibəsində gənc mütəxəssis qarşıdakı iki oyundan qələbə ilə ayrılmaq niyyətində olduqlarını gizlətməmişdi. Məlum olduğu kimi, bunlardan biri artıq keçib və Qəbələ səfərdə Neftçini devirib. Növbədə İnterdirmi?
İkinci “altılıq”da premyer liqanı mövsümün yekunlarına əsasən tərk edəcək komandanın adını müəyyənləşdirmək baxımından xüsusilə vacib olan iki matç baş tutacaq. Standardın bu gün evdə Simurqu məğlub etməsi və Olimpik-Şüvəlanın səfərdə Muğana qalib gəlməsini gözləməkdən başqa çarəsi yoxdur. Nəzərə alsaq ki, nə Simurqa, nə də OŞ-a artıq heç nə lazım deyil (7-ci yer uğrunda mübarizəni ciddi hədəf hesab etməyə dəyməz), bu ümidlər bir qədər çətin görünür.
