10 aprel 2010 00:54
El Klasikoda 5 duel
“El klasiko”... Avropanın bir nömrəli matçına artıq saatlar qalıb. Hər kəs proqnoz verir, hər kəs müqayisə edir. Azerisport.az hər iki komandanın əsas silahlarını üz-üzə qoyur. Beləliklə...
Qapı: İker Kasilyas vs Viktor Valdes
İspaniya daxili çempionatda çıxış edən yerli qapıçıların orta hesabına görə Avropada birinci yeri tutur. Burada Andres Palop var, burada Dieqo Lopes var. Ölkə xaricində çıxış edən Pepe Reyna və Manuel Almuniya da ispaniyalıdır. Amma Kasilyas və Valdesin Pireney yarımadasında xüsusi yeri var. Biri millinin şəksiz 1 nömrəsi, kapitanı və lideri. Digəri katalon və heç vaxt İspaniya yığmasında oynamayan qolkiper. İki il əvvəl üstünlük, heç şübhsəsiz, İkerə verilərdi. Amma son turlardakı inamsızlıq, buraxılan səhvlər, həmkarının isə tam əksinə, sərgilədiyi fantastik oyun tərəzinin Valdes olan gözünün daha ağır gəlməsinə şərait yaradıb. “El Klasiko” bu mənada qapıçılar üçün də güzgü rolunu oynayacaq.
Müdafiə: Serxio Ramos vs Daniel Alveş
Barselona deyəndı möhtəşəm Karles Puyolun adını çəkməmək günah olardı, amma onun barədə çox danışılıb və çox yazılıb. Ramos – Alveş dueli isə bir neçə aspektdən daha böyük maraq doğurur: bir çoxlarının fikrincə, onlar dünyanın ən güclü cinah müdafiəçiləridir. Hər ikisi sağ cinahda mübarizə aparır. Hər ikisi, çox məhsuldardır. Hər ikisi öz komandasının “kənar mühərrikidir”. Üstəlik, qarşıdakı DÇ-nin əsas favoritləri – İspaniya və Braziliya yığmalarının əsas heyət üzvləridir. Necə deyərlər, dadına baxın, qərar verin!
Orta xətt: Xabi Alonso vs Xavi Ernandes
İspaniyanın iki ən yaxşı mərkəz yarımmüdafiəçilərinin rəqabəti “El Klasiko”da davamını tapacaq. Bu iki futbolçu İspaniya yığmasını Avropa çempionu olmasında böyük pay sahibidir. Məhz Xavinin turnir boyu fantastik çıxış sərgiləməsi, Xabi Alonsonun isə məhsuldar şəkildə komanda yoldaşlarını əvəz etməsində qoca Luis Araqones tarixə keçdi. Forvardlar nə qədər parlasalar da, orta xəttin mərkəzində qərarlaşan Xavi və Xabinin yoxluğunda nə Barsa, nə də Real heç nəyə dəyməz. Orqanizmi hərəkətə gətirən məhz beyindir, orta xəttin “beyin”ləri – Alonso və Ernandes
Hücum: Kriştiano Ronaldo vs Lionel Messi
Bütün dünyanın qəti fikrinə görə, bu gün planetin iki ən güclü futbolçusu. Daha çox məhz onların varlığı sabahkı “El Klasiko”nu bu qədər cəlbedici məhsula çevirir. Son həftələr sanki intibah dövrünün futbolunu oynayan Messini mütəxəssislər Ronaldodan daha yüksəyə qoyurlar. Amma sizcə, şəxsiyyətini hamıdan çox sevən Kriştiano bəstəboy argentinalının kölgəsində qalmağı özünə sığışdırarmı? Əsla! Buna görə də iki futbol ustasının ifasında növbəti şedevrləri gözləyin
Və... Manuel Pelleqrini vs Xosep Qvardyola
Onlar hələ dünya məşqçilərinin elitar klubuna daxil ola bilməyiblər. Barselonanın gənc çalışdırıcısı indi həmkarına nisbətən bu kluba daha yaxın görünür, ora daxil olmanı tezləşdirmək üçün “blauqranyes“ bu mövsüm də Qvardyolanın ötənmövsümkü işinin təsadüf olmadığını sübut etməlidir. Barsa yavaş-yavaş məqsədlərinə doğru irəliləyir, Pep isə addım-addım Fabio Kapello, Marçello Lippi, Ser Aleks Fergüson və digərlərinin arasına daxil olur.
Pelleqrini Vilyarrealdakı gözəl işi ilə bütün dünyanı təəccübləndirmişdi. Xarici görünüşündən futbol məşqçisindən çox rəssama bənzəyən çilili mütəxəssis hələ ki, uğurlarının davamını Kral Klubunda gətirə bilmir. ÇL-də 1/8 final sindromu yenə qırılmadı. Əvəzində Real “La liqa”da qızıl medallara doğru yürüyür. Və bu marafonda “El Klasiko” qədər vacib “məntəqə” tapmaq çətindir. Elə Pelleqrinin özü üçün də...
