Farsa çevrilmiş mərkəzi oyun, yaxud XL nə itirdi?
Xəzər Lənkəran Bakıya qələbə və liderlik dalınca gəlmişdi. Amma nəticədə həm ondan oldu, həm də bundan.
Azerisport.az xəbər verir ki, Bakının futbolçusu Fabio Luis Ramimin 90-cı dəqiqədə vurduğu qol Cüneyt Biçərə Azərbaycan karyerasında ilk qələbəsini gətirdi. Bu 3 xalın “zolaqlılar” üçün böyük önəmi var. Əvvəla, komanda çətin durumdan çıxdığına əmin oldu (hərçənd, komandanın oyunu yenə dı ürəkaçan deyildi), ikincisi Neftçi və Qəbələdən bir qədər aralandı, üçüncüsü XL-ə yaxınlaşdı. İnterin də bu tur xal itirdiyini nəzərə alsaq, son çempionun titulunu qorumaq şansları heç də qeyri-real görünmür.
XL isə ikinci dəfə komandasının oyununu mətbuat lojasından izləyən Ağasəlim Mircavadovu məyus etdi. Əgər Lənkəranda məşqçinin yoxluğu komandanın oyununa ciddi təsir göstərməmişdisə, bu dəfə futbolçuların Mircavadova ehtiyacları var idi. Kollektiv heç vaxt olmadığı kimi sönük futbol göstərirdi və Bakının da “köməyi ilə” turun ən maraq doğuran qarşılaşması farsa çevrildi. Burada hər şeyi bir qol həll etməli idi və həll etdi də.
Əgər iki tur əvvəl İnterlə XL-in aşkar favoritlər olduğunu hətta Bakı, Qarabağ və Neftçi azarkeşləri də qəbul edirdisə, indi onlar bu cür proqnozlar verməkdən çəkinirlər. Bu siyahıdan Neftçini istisna etmək olar, amma digər iki kollektiv çempionluq yarışında sona qədər olacaqlar. Liderlə 4-cü yer arasında xal fərqi cəmi 5-ə bərabərdir. Son hələ 5 tur qalmış bu üstünlük yalnız cüzi xarakter daşıyır.
