12 aprel 2010 17:56
Dəyişməli olan Premyer Liqa. Birinci yazı
Bir il əvvəl Premyer Liqada “altılıq” sisteminin tətbiq olunması barədə qərar qəbul ediləndə PFL rəhbərliyi 2009/10 mövsümünə böyük ümidlərlə yanaşırdı. Zaman göstərdi ki, bu addım özünü doğrultmadı.
Azerisport.az bildirir ki, bir qədər uzaqgörənlik edib “altılıq” sisteminin lazımi effekti verməyəcəyini əvvəlcədən proqnozlaşdırmaq olardı. Çünki 18 yaşı tamam olan müstəqil Azərbaycan çempionatında buna qədər üç dəfə bu sistem tətbiq olunmuşdu və hər üç halda nəticələr ürəkaçan deyildi.
İlk dəfə “altılıq” sistemi Azərbaycana 1995/96 mövsümündə gəlib. Yenə 12 komandanın mübarizəsindən sonra (düzdür, mövsümün gedişində Bərdə Pambıqçısı maliyyə problemləri üzündən çıxışlarını dayandırmışdı) 6 ən güclü və ən zəif komanda iki yarımqrupa bölünmüşdü. Həmin çempionatın reqlamenti də bumövsümkü kimi idi: Final mərhələsində yalnız “altılıq”dakı rəqiblərlə görüşlərdə yığılan xallar saxlanılırdı. Nəticədə birinci mərhələni 5-ci yerdə bitirən Neftçi çempion adını qazanmışdı. Hərçənd, bu komanda lider Xəzridən 8 xal geri idi.
Üç il sonra AFFA-nın ovaxtkı rəhbərliyi yenidən bu sistemə müraciət etdi. Bu dəfə itkisiz ötüşdü və bütün komandalar çempionatı başa vura bildilər. Maraqlıdır ki, turnir cədvəlinin aşağı hissəsində yüksək liqada qalmaq üçün 6 yox, 8 komanda mübarizə aparırdı. Çünki çempionat 14 komandanın iştirakı ilə keçirdi. Bu dəfə ciddi mübarizə baş tutmadı və digərlərindən bir baş üstün olan Kəpəz sonuncu dəfə Azərbaycan çempionu oldu. Onu qeyd edək ki, komandalar “0”-dan başlamışdılar. Yəni ilk mərhələdən sonra toplanan xallar klubların aktivində silinmişdi.
Nəhayət, 3-cü cəhd. Atalar əbəs yerə “üçdən” deməyib. Ölkə futbolunun tarixində ən böyük qalmaqal 2001/02 mövsümündə yaşandı. Yəqin ki, hamınız xatırlayırsınız: Final mərhələsinin 2-ci turundakı (aprelin 2-də - söz vaxtına çəkər) Şəfa – Xəzər Universiteti (yeri gəlmişkən, indiki İnter) matçı. 95-ci dəqiqə. Samir Musayevlə (Şəfa) Aqşin Ömərovun (Xəzər Un.) təkbətək mübarizəsi. Xaqani Məmmədovun (bəli, Hakimlər Komitəsinin hazırki sədri) təyin etdiyi şübhəli penalti. Tərlan Əhmədovun qələbə qolu. Xəzər Universitetinin çempionatı davam etdirməkdən imtinası. Neftçi başda olmaqla digər klubların ona qoşulması. 400 günlük futbolsuzluq...
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Bu dəfə bizi boykot təhlükəsi gözləmir. Çünki indi Azərbaycan futbolunda o illərə nisbətən az-çox nizam-intizam var, klublar daha ciddi fəaliyyəti ilə diqqət çəkir, nəhayət, ölkə çempionatını idarə edən avtonom qurum – PFL yaradılıb. Yadınızdadırsa, 2002-ci ildə klubların davası da elə bu idi: Xəzər Universitetinin prezidenti Hamlet İsaxanlı məhz bu cür qurumun yaradılmasını təklif edirdi.
İndi arzular reallaşıb və... PFL yenə “altılıq” sistemini tətbiq edib. Bu gün liqa rəhbərliyindən başqa heç kəs bu sistemin müsbət effekt verdiyini iddia edə bilməz. Çünki Simurq və Olimpik-Şüvəlanın çempionatın sonuna 2 ay qalmış mübarizəni başa vurması özü hər şeyə cavabdır.
Bu sistemi dəyişmək, ən yaxşısı isə birdəfəlik ondan imtina etmək lazımdır. Gəlin, sivil qaydada 10 komandalı 4 dövrəli çempionat təşkil edək. Azı 8 güclü komanda, 36 tur. Hər tur maraqlı oyun, nisbətən yüksək inkişaf etmiş infrastruktur. İndi Azərbaycan çempionatında eksperimentlər yox, konkret inkişaf planı gərəkdir.
