A Seriyası. İnter 6 aydan sonra liderliyi itirdi!
İtaliyada sensasiya! A seriyasınən 33-cü turundan sonra İnter liderliyini Romaya təhvil verib. Azerisport.az xəbər verir ki, sonuncu dəfə bu cür hal 6 ay əvvəl yaşanmışdı.
İnterin 1-ci yeri əldən verməsinin səbəbi komandanın turlarda xallar itirməsi və konkret bu həftə səfərdə Fiorentinanı yenə bilməməsidir. Roma isə Klaudiyo Ranyerinin gəlişindən sonra əla sürət yığıb və skudettoya əsas namizəddir. Əgər “canavarlar” bu mövsüm İtaliya çempionu olsalar, Turində Yuventus azarkeşləri klub rəhbərliyini diri-diri yeyəcəklər. O Yuventus ki, Ranyerini qovub Çiro Ferraranı gətirdi, sonra onu da azadan baş məşqçi postunu Alberto Dzakkeroniyə tapşırdı. Nəticə isə yoxdur ki, yoxdur. Hərçənd, bu tur “Qoca Sinyora” Kalyarini məğlub edə bildi.
Milan bu tur evdə Kataniya ilə görüşdə xal itirdi və İnterlə fərqi 1-ə qədər azaltmaq üçün gözəl imkanı əldən buraxdı. Məhz iki Milan təmsilçisi və Roma A seriyasının son bölümündə skudetto mübarizəsi aparacaq. ÇL-ə vəsiqə verən 4-cü yer uğrunda isə Palermo, Sampdoriya, Yuventus və Napoli vuruşacaq. Fiorentinanın bu mübarizəyə qoşulması bir qədər çətin görünür.
A Seriyası, 33-cü tur
Turnir vəziyyəti: Roma – 68,İnter – 67, Milan – 64, Palermo, Sampdoriya – 54, Yuventus – 51, Napoli – 49, Fiorentina, Parma – 46, Cenoa – 45, Bari – 43, Kalyari – 40, Kataniya – 39, Kyevo, Udineze – 38, Latsio – 37, Bolonya – 35, Atalanta – 31, Syena – 29, Livorno – 26.
