Adam kişi olar prinsipi, yaxud Milli bukmekerlərin perspektivləri
Gənclər və İdman Naziri Azad Rəhimov may ayından etibarən Bakının kafe və çayxanalarında 50-yə yaxın bukmeker fəaliyyətə başlayacaq. Azerisport.az futbol azarkeşlərini sevindirən bu xəbəri saf-çürük edir və rəsmi bukmekerlərin perspektivlərini araşdırır.
Bu gün ölkəmizdə bukmeker kontorlarının normal fəaliyyəti üçün çayxanalardan yaxşı yer tapmaq çətindir. İstisna ediləməli olan insanlar inciməsin, amma paytaxt çayxanaları əsasən işsiz-gücsüz gənclərin, ya da işdən sonra dincəlib dostları ilə beş-üç kəlmə kəsmək istəyənlərin məkanıdır. Son illər bu cür yerlərdə çay, limon, qənd və çay dəstgahına daxil başqa məhsullardan əlavə, üstündə anlaşılmaz rəqəmlər yazılmış A4 formatlı ağ kağız da dəyişilməz atribut halını alıb. Çayxanada hamı danışır, çay içir, siqaret çəkir və nəsə yazır. Anlamayanlara ilk baxışdan qəribə gəlsə də, məsələnin içində olanlar həmin adamların nə yazdığından yaxşı xəbərdardır. Cəmi bir neçə saatlığa Mançester Yunayted, yaxud hansısa Erqotelis adlı Yunanıstan klubu Bakı gənclərinin səcdəgahına çevrilir. Eyni mənzərə regionlarda da yaşanır. Məsələn, futbol rayonu olan Tovuzda gənclərin yeganə məşğuliyyəti oyunlara pul qoyuluşudur.
Bəli, Azərbaycanda bukmeker hərəkatı yalnız bu ilin mayından rəsmiləşməli olsa da, insanlar bu xəstəliyə çoxdan tutulublar. “Milli bukmeker kontorları” artıq bir neçə ildir fəaliyyət göstərir və hər şey bir neçə il öncə məşhur 2-1-0 proqnoz oyununun Azərbaycana gəlməsi ilə başlayıb. Bu gün bu cür “kontor”ların fəaliyyəti olduqca primitiv şəkildə qurulub: pul qoyuluşu etmək üçün yalnız həmin kafe və çayxanaya getməli, kiçik kağız parçasında variantlarını yazmalı, pul qoyuluşu etməli və nəticələri gözləməlisən. Və burada hansısa rəsmi anlaşmadan söhbət gedə bilməz. Hər şey, necə deyərlər, “sən öl – mən ölüm”, “adam kişi olar” prinsipləri ilə aparılır. İnternetlə pul qoyuluşu etməkdən söhbət belə gedə bilməz. Əlbəttə, söhbət yerli bukmekerlərdən gedir.
Bəs bukmekerlərin rəsmiləşməsi ilə hansı irəliləyişlərin şahidi olmaq mümkündür? Məsələnin qoyuluşu onu göstərir ki, hər hansı keyfiyyət dəyişikliklərindən söhbət belə gedə bilməz. Çünki əvvəlki tək yenə çayxana və kafelər proqnoz məkanı olacaq, məsələlər də xalqımızın “dəmir” prinsipləri əsasında aparılacaq. Yeganə fərq ondadır ki, daha əvvəlki tək kafe sahibləri hər gələn və proqnoz yazamaq istədiyini deyən müştərini iti nəzərlərlə süzməyəcək. Çünki artıq onlara lisenziya veriləcək və hansısa qumara qarşı mübarizə orqanının vətəndaş geyimində olan əməkdaşlarının gözlənilməz vizitindən heç kəs qorxmayacaq.
Məsələn, “Marafon”, “Unibet” və s. kimi normal, leqal bukmeker kontorlarının Azərbaycan nümunəsinin yaradılıb-yaradılmaması barədə isə hələ məlumat verilməyib. Bir müddət əvvəl bukmekerlərin fəaliyyətinin AFFA tərəfindən tənzimlənəcəyi deyilirdi. Və indiki halda, assosiasiyanın bu barədə bir kəlmə belə danışmaması müəyyən şübhələrə yola açır. Yoxsa dövlət İdman və Gənclər Nazirliyinin simasında bu “sürüşkən” təsərrüfata özü nəzarət etmək istəyir?
