"Mahiri həqiqətən zədələmək istəyirdilər"
Mahir Şükürovun de-fakto yeni baş məşqçisi Hacı Hacıyev azerisport.az-a müsahibə verib. Açıqlamalarında təcrübəli mütəxəssis futbolçumuzdan razı qaldığını gizlətməyib.
“Mahir yaxşı oyun göstərdi. Deməzdim ki, onun çıxışından tam razı qaldım, amma etiraf edim ki, mübarizə apardı və ümidləri doğrultdu. Çox diqqətli, inamlı görünürdü. İki məhsuldar ötürmə verdi. Məşqlər zamanı da bu cür ötürmələr edirdi. Nəhayət, oyunda bunları təkrarlaya bildi”.
“Məşqlərin birində mənə yaxınlaşıb gələcək taleyi ilə maraqlandı. Ona açıq dedim ki, onun mövqeyində çıxış edən Aqapovu dəyişə bilmərəm. Özü dedi ki, orta xəttin cinahında da oynayıb. Görüşə də belə hazırlaşırdıq. İndi onun zədəsi ilə maraqlanmalıyıq. Qoy hələ sağalsın. Mən indi Moskvadayam, amma məşqçilər dedilər ki, zədə elə də ciddi deyil. Amma bir müddət bərpa prosesi keçməlidir. Bütün məşqləri buraxsa, növbəti turda meydana çıxması sual altına düşəcək. Bir məşqlə heç nə olmaz, lakin bütün hazırlığı gərək buraxmayasan”.
“Məncə, o həqiqəti deyib, onu sındırmaq istəyirdilər. Sibir futbolçuları çox kobud oynayırdılar. Həddən artıq kobud” – deyə Hacıyev bildirib.
