16 aprel 2010 15:43
Azərbaycanın All Stars matçı
Oxuyacağınız bu yazı və onun məğzini təşkil edən ideya “evrika“ deyil. Biz də Arximed deyilik. Amma bu, olduqca orijinal və futbola marağı artıran ideyadır.
Azerisport.az xəbər verir ki, ölkəmizdə, obrazlı şəkildə desək, PFL-lə AFFA-nı yığma komandalarının oyununa ehtiyac var. PFL-in əcnəbilər yığması ilə yerlilər yığması arasında. Yaxud Azərbaycanda çıxış edən legionerlərdən toplanmış komanda ilə Azərbaycan yığması arasında. İdeyanı müxtəlif yerlərə fırlatmaq və oyunu müxtəlif cür təşkil etmək olar. Bunun elə bir fərqi yoxdur, əsas odur ki, keçirilsin.
Yadınızdadırsa, 5 il əvvəl, Qarabağın indiki çalışdırıcısı Qurban Qurbanov futbolçu karyerasını bitirəndə buna uyğun bir matç keçirilmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və böyük azarkeş marağına səbəb olan bu qarşılaşmada indi Azərbaycanda olmayan Pate Banqura, İssa Nikiema, Laki İdahor kimi oyunçular çıxış etmişdi. Onların göstərdiyi ustalıq indi də bir çox futbol azarkeşinin yaddaşındadır. Bəs indi niyə futbola əlavə estetika qatan bu cür sərgi xarakterli matçı təşkil etməyək?
Təqvimdə çox asanca bir gün tapmaq olar. Hər halda, bu yalnız heç nəyi həll etməyən yoldaşlıq görüşüdür və bunun üçün komandalar bir günlük də olsa, oyunçularını buraxa bilərlər. Yığmanın 3 günlük toplanışı üçün “pəncərə” tapmaq mümkün olur axı...
Azerisport.az hipotetik legionerlər yığmasına ən real namizədləri sizə təqdim edir.
Qapıçı
Georgi Lomaya (İnter), Xalidu Sissoko (Bakı), Pavels Doroşevs (Qəbələ)
Heç şübhəsiz, bu gün Premyer Liqanın 3 ən yaxşı əcnəbi qapıçısı. Bu siyahıda Marko Şarliyanın (Bakı) olmaması onun qeyri-sabitliyi, Taras Çopikin (Simurq) yoxluğu isə əvvəlki tək etibarlı çıxış etməməsi ilə əlaqədardır. Daha iki namizəd – Edis Kurtanoviç (Muğan) və Paulius Qribauskas (Neftçi) ustalıq baxımından digərlərinə uduzur.
Sağ cinah müdafiəçisi
Georgi Navalovski (İnter), Usim Nduka (Olimpik-Şüvəlan), Valeri Abramidze (Neftçi)
Düzü, bu mövqe ideal 11-likdə ən problemlilərdən biridir. Çünki həm Navalovski, həm də Nduka öz klublarında məcburiyyətdən o mövqedə çıxış ediblər. Gürcüstan millisinin üzvü Teymuraz Qonqadze Simurqu tərk etməsəydi, müdafiənin sağında rahatca yer alardı. Aleksey Savinov (Bakı) və Tixon Şişov isə (XL) “standartlara tam cavab vermirlər”.
Mərkəz müdafiəçiləri
Admir Teli (Qarabağ), Danildo Assioli (İnter), Stevan Bates (Bakı), İvan Pexa (XL)
Teli ilə Assioli “Unibank” Premyer Liqasının ən güclü əcnəbi mərkəz müdafiəçilərindəndirlər. Pexa və Bates sabit çıxış etməsələr də, ən azı ehtiyatda qalmağa layiqdirlər. Simurqu Zakarpatyeyə dəyişən Aleksandr Malıginin indi Azərbaycanda olmaması bu mövqedə rəqabətin bir qədər azalmasına şərait yaradıb. Daha bir namizəd kimi Qəbələli Lyubo Baraninin adını çəkmək olar.
Sol cinah müdafiəçisi
Vadim Borets (Bakı), Dmitri Kruqlov (Neftçi), Radomir Todorov (XL)
Boretslə Kruqlov bir neçə il əvvəl daha inamlı görünürdülər. Amma həm klublarının nisbətən uğursuz çıxış etməsi, həm də oyun planında nisbətə geriləmələri onlar haqda ağızdolusu danışmağa imkan vermir. Borets ümumiyyətlə, Azərbaycana pleymeyker kimi gəlmişdi. Bununla belə, Bakının çempionluğuna öz xeyrini moldovalı futbolçu məhz müdafiənin sol cinahında oynamaqla verdi.
Dayaq yarımmüdafiəçisi
Ernad Skuliç (Bakı), Abdul Kader Kamara (Qəbələ), Devran Ayhan (XL)
Bakının son illərdə etdiyi transferlər arasında ən uğurlularından olan Ernad Skuliç etibarlı oyunu ilə seçilir. Komandanın son çempionluğundan bu futbolçunun xidmətləri əvəzsizdir. Möhkəmliyi və yaxşı topalma qabiliyyəti ilə seçilən Kamara onunla müqayisədə titullu olmasa da, səviyyəsini həm Olimpik-Şüvəlanda, həm də Qəbələdə göstərib. Devran Ayhan isə heç şübhəsiz, Türkiyəni Azərbaycana dəyişən ən yaxşı futbolçulardandır. Namizəd kimi bombardir-yarımmüdafiəçi Ruslan Qunçakın (Simurq) və İnterin çexiyalı oyunçusu Branislav Çervenkanı da göstərmək olar.
Sağ cinah yarımmüdafiəçisi
Denis Kalinkov (XL), Dan Pisla (Standard), David Odikadze (İnter)
Ötən mövsümlərdə daha yaxşı təsir bağışlayan Dan Pisla bu il hələ ki, zədə üzündən kölgədə qalsa da, gənc futbolçunun çox böyük potensialı var. İnterə transfer olunan David Odikadze də səviyyəsi ilə diqqət çəkir. Hər halda, heç kimi əbəs yerə Gürcüstan millisinə dəvət etmirlər. Amma onların heç biri Denis Kalinkovla rəqabətə girə bilməz. XL-in liderlərindən biri nəinki öz mövqeyində, ümumiyyətlə, Azərbaycan çempionatında çıxış edən ən yaxşı futbolçulardan biridir.
Sol cinah yarımmüdafiəçisi
İvan Çvetkov (XL), Andreys Rubins (İnter), Marian Aliuta (Neftçi),
Ötən mövsüm bombardirlik nümunəsi göstərən İvan Çvetkova Ağasəlim Mircavadov yeni mövqe tapdı. Və zaman göstərdi ki, təcrübəli məşqçi yanılmayıb; solaxay bolqarıstanlı futbolçu məhz sol cinahda daha təhlükəli olur. Əlbəttə, XL bir qədər fərqli sxemlə, “təmiz” cinah yarımmüdafiəçiləri olmadan çıxış edir və İvan sol insayd mövqeyində oynayır. Amma o, sırf cinahda da xeyir verə bilər. Andreys Rubins “anadangəlmə” cinah futbolçusudur. Bunun üçün onda hər şey var: sürət, texnika, dəqiq ötürmələr. Rumıniya millisinin keçmiş üzvü Marian Aliuta isə universaldır, amma o, məhz sol cinahda daha daha yaxşı təsir bağışlayır.
Hücumameylli yarımmüdafiəçi
Leonardo Roşa, Petar Zlatinov (İnter), Aleksandr Şoliç (Bakı), Juninyo, Mario Souza (hər ikisi XL), Kristian Torres (Qəbələ), David Bolkvadze (Simurq), Narsiss Yameoqo (Muğan)
Diqqət yetirin, 1, maksimum 2 mövqeyə düz 9 namizəd var! Onlardan bəziləri daha parlaq futbol göstərir, bəziləri obyektiv və subyektiv səbəblərdən diqqətdən kənarda qalır. Amma hamısı səviyyəsi ilə seçilir. Buna görə də seçim etmək çox çətindir. Bunu sizin ixtiyarınıza buraxırıq.
Hücumçular
Jaba (Bakı), Robertas Poşkus, Girts Karlsons (İnter), Allan Lalin, Emeka Opara (XL), Anatoli Doroş (OŞ), Adrian Nyaqa (Neftçi) İqor Melnik (Qəbələ)
Legionerlərin daha çox hücum və hücumameylli mövqelərə cəlb edilməsi təbiidir. Bu, müasir futbolun əsas tələbi olaraq qalır. Dünyanın ən bahalı futbolçuları da məhz hücum etməyi bacaran, qollar və qol ötürmələri ilə komandalarına xeyir verənlərdir. İki mövqeyə 8 namizəd. Buradada seçimi siz edin.
