Neftçi və MOK dustaqlara baş çəkdi
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin birgə təşəbbüsü ilə idman tədbiri keçirilib. Azerisport.az xəbər verir ki, tədbirə Milli Olimpiya Komitəsinin nümayəndələri ilə yanaşı, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Neftçi PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Elnur Əşrəfoğlu və Azərbaycan Şahmat Federasiyasının əməkdaşları da qatılıblar.
Neftçi PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti əməkdaşlarının da yer aldığı jurnalistlərdən ibarət komanda ilə məhbuslar arasında şahmat və futbol yarışları baş tutub. Yarışdan sonra 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkənlərə Milli Olimpiya Komitəsi, Neftçi klubunun və “OlimpSport” jurnalının hədiyyələri bağışlanılıb. Qərara alınıb ki, növbəti belə tədbir ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü münasibətilə mayın 10-da keçirilsin.
