18 aprel 2010 00:04
Acılı-şirinli faktlar, yaxud İnter niyə həyəcanlansın?
“Unibank” Premyer Liqasının 28-ci turunun ilk oyun günü azerisport.az-ın təqdimatında.
Qarabağın Neftçi üzərində inamlı qələbəsi yalnız görüntü imiş. Ya da Neftçinin durumu bu qədər ağlamalıdır. Ya da, sadəcə, Bakının oyunu alındı. Bütün bu cümlələri Qarabağ – Bakı görüşü ilə əlaqələndirmək olar. Böyükhesablı qələbəyə (yaxud məğlubiyyətə) bir açma tapmaq üçün hər üç variantı gözdən keçirməyə dəyər.
Neftçinin tarixinin ən çətin dövrlərindən birini yaşaması faktdır. Bakının Quzanlıdakı görüşdə fantastik futbol sərgiləməsi də. Amma Qarabağın bu cür məğlub olması ilə bir həftə əvvəl Neftçi üzərində qələbəsinin bir əlaqəsi varmı? Yoxsa komanda, sadəcə, “yandı”? Yoxsa müdafiə pis oynadı, orta xətt “işləmədi”, hücum qol vurmadı? Qarabağ onsuz da son dövrlər qeyri-sabitliyi bir yana, göstərdiyi nəticələr və futbolçular fiziki durumunun pis olması ilə də narahatlıq doğururdu. Lakin komandanın heç vaxt məğlub olmadığı Quzanlıda məhz bu gün, məhz bu cür yenilməsi müxtəlif fikirlərə yol açır. Bu fikirlərdə Berti Foqtsun və Azərbaycan yığmasının adları çəkilir. Qurban Qurbanov almaniyalı mütəxəssisin adını çəkmədi. Bununla belə, milli komandanın toplanışı üzündən 12 nəfərlə qalan Qarabağın Bakıya qarşı görüşə yaxşı hazırlaşa bilmədiyini dilə gətirdi. Bəlkə də belədir, bəlkə də yığmadır günahkar. Amma Ağdam təmsilçisinin nə səbəbdən olur-olsun uğursuzluğa düçar olması da faktdır.
Bakı isə möhtəşəm idi. Möhtəşəm oyunun nəticəsi idi ki, Vyaçeslav Sofroni və Venyo “zolaqlı” formada ilk qollarını vurdular. Möhtəşəm oyunun nəticəsidir ki, Bakı çempionluq yarışına qoşulmaq imkanı qazandı. Komandanın gənc baş məşqçisi Cüneyt Biçər isə yeni müqavilə yolunda irəliyə doğru iri bir addım atdı.
XL Final mərhələsində Qəbələni ikinci dəfə məğlubiyyətə uğratdı. Bu qələbə lənkəranlıları birinci yerə qaldırmaqla yanaşı, Bakıya məğlubiyyətdən sonra komandanın üzərinə hopmuş psixoloji gərginlikdən yaxa qurtarmaq baxımından da faydalı oldu. İndi psixoloji gərginlikdə olacaq yeganə komanda XL-in əsas rəqibi İnterdir. Məsələn, “bankirlər” bu gün mütləq Neftçiyə qalib gəlməlidirlər. Onlar da yaxşı anlayırlar ki, liderliyi ələ keçirmiş Xəzərdən onu geri almaq heç də asan iş deyil.
Ramiz Məmmədovun xoş simalı Qəbələsi isə bu məğlubiyyətə rəğmən, avrokubok şansını saxlayır. Bunun üçün Qəbələnin 4-cü yer tutması və Olimpik-Şüvəlanın ölkə kubokunda finala çıxmaması gərəkdir. Etiraf edək ki, hər ikisi kifayət qədər real perspektivdir.
Nəhayət, günün son görüşü. Karvan premyer liqadan I diviziona aparan sürət qatarına doğru daha bir addım atdı. Simurqla görüşdə xal itirən Yunis Hüseynovun komandası indi nə olur-olsun, Turanın Muğanla qarşılaşmadan xalla dönməsinə dua etməlidir. Çünki Salyan klubunun qələbəsi çempionatın bitməsinə hələ 4 tur qalmış Karvanı I diviziona göndərəcək.
“Unibank” Premyer Liqası, 28-ci tur
Qarabağ – Bakı - 1:4
Sofroni, 6 (0:1), Jaba, 42 (0:2), Ə.İsmayılov, 58 (1:2), Şolic, 82 (1:3), Venyu, 89 (1:4)
Qəbələ- XL - 1:2
Lalin, 10 (0:1), Stolpa, 39 (1:1), Opara, 54 (1:2)
Karvan – Simurq - 0:0
Turnir vəziyyəti
İlk "altılıq": XL – 25 xal (16), İnter – 24 (15), Bakı – 23 (16), Qarabağ – 19 (16), Neftçi – 16 (15), Qəbələ - 15 (16).
İkinci "altılıq": Simurq – 27 (16), OŞ – 25 (15), Turan – 23 (15), Muğan – 20 (15), Standard – 18 (15), Karvan – 10 (16).
