Yenəmi perspektivsiz deyək?
Azərbaycan U-19 yığması Əskişəhirdə keçirilən AÇ-nin seçmə mərhələsinin elit-raundundan əliboş döndü. Azerisport.az turnirin yekunlarını müzakirə edir və bu komandanın perspektivlərini müəyyənləşdirir.
Bu sətirlərin müəllifi yekun materialı hazırlamamışdan əvvəl arxivə müraciət edərək, U-19-un Türkiyəyə aparılan heyətinə bir daha göz gəzdirdi. Etiraf edək ki, bu futbolçulardan bəziləri hətta futboldan yazan jurnalistlərin də hamısına tanış deyil, amma onlarla yanaşı düşərgədə Səlahət Ağayev, Amit Quluzadə, Araz Abdullayev və Tural İsgəndərov da var idi. İlk üçü artıq Berti Foqts tərəfindən milliyə də cəlb edilib, sonuncu isə Moskva Lokomotivində baxışda olub və deyilənlərə görə, bəyənilib.
Azərbaycan futbol azarkeşlərinin gözünün Türkiyəyə dikilməsinin bir səbəbi də Araz Abdullayev idi desək, yəqin ki, yanılmarıq. Yox, əlbəttə, Azərbaycanı ümumilikdə U-19 yığması təmsil edir və onun heyətində gələcəyinə ümid etdilərimiz tək Abdullayev soyadı ilə məhdudlaşmır. Məsələn, bizim fikrimizcə, elə həmin Aleksandr Qorss, yaxud Rəhman Hacıyev güclü futbolçu olmaq perspektivləri heç də az deyil. Amma Araz son vaxtlar gündəm idi. Və siz də razılaşın ki, əvəzedici komandaların çempionatının ən yaxşı bombardiri ilə Everton kimi böyük klubun hədəfində olan futbolçu arasında müəyyən fərqlər var.
“Unibank” Premyer Liqasını mart ayında izləməyən, əvəzedici komandaların çempionatına baxmayan, Neftçinin əsas və əvəzedici komandalarının məşqlərinə baş çəkməyən, lakin mətbuatı yaxından təkib edən və Azərbaycan futbolu ilə maraqlanan hər bir azarkeşi Araz Abdullayev maraqlandırırdı. Görəsən, tək bu futbolçu U-19 uğurdan-uğura daşıya biləcəkmi? Zaman göstərdi ki, Araz, Aleksandr, Səlahət və Amit nə qədər istedadlı olsalar da, bir yığma komandanın rəqabətədavamlı olması üçün bu kifayət deyil. Axı hətta Afrikanın vulkanik dağlarında, Kilimancaronun ətəyindən tapılan almazlar da zərgərlərin əlindən keçməyənə qədər heç nəyə dəymir. Zərgərim sehrli barmaqları kifayətlənsin ki, həmin almaz üstünü toz-torpaq basmış daş parçasından, qiyməti milyardlarla ölçülən brilyanta çevrilsin.
Amma U-19 və U-21-in baş məşqçi funksiyaları əlində cəmləyən, az qala bütün uşaq futbolu strukturuna nəzarət edən Bernhard Lipperti bu cür mərmərə bənzətmək olarmı?
Bax, budur günün əsas sualı. U-21-in keçirdiyi biabırçı seçmə mərhələnin, U-19-un güclü rəqiblərə müqavimət göstərə bilməməsinin bütün günahlarını Lippertin boynuna atmaqdan uzağıq. Amma məşhur serialda deyildiyi kimi, həqiqət hardasa yaxındadır. Sadəcə, onu vaxtında aşkarlamaq, nəticə çıxarmaq və səhvləri düzəltmək lazımdır.
Artıq U-19 yığmasına perspektivsiz demirik. Çünki əgər bir komandanın heyətindən elə həmin uğursuz yarışda hansısa futbolçunu Tvente kimi klub bəyənirsə, deməli, hər şey bu qədər qorxulu deyil. Lakin elə həmin Araz Abdullayev həm Stiv Maklarenin (Tvente), həm Qurban Berdıevin (Rubin), həm də Devid Moyesin (Everton) əlində parlaq brilyanta çevirə bilər. Lippert isə çətin ki, bunu bacara bilsin.
Hər şey 3 oyuna 1 qol vuran yığmanın 3 oyuna 2 qırmızı vərəqə qalması deyir...
