Yığmanın lideri AFFA-dan niyə narazıdır?
Arazın və futzal üzrə Azərbaycan yığmasının liderlərindən biri, AÇ-nin yarımfinalçısı Vitali Borisov azerisport.az-a müsahibə verib. Açıqlamalarında təcrübəli oyunçu komandanın ÇL-in “Dördlər finalı”na hazırlığından, İslandiyada püskürən vulkan və onun nəticələrindən, o cümlədən AFFA-nın AÇ-nin yarımfinalına görə ödədiyi mükafatdan danışıb.
“Vulkan püskürməsi üzündən oyunları təxirə salınmasının gündəmdə olması bizi heç sevindirmir. Çünki yarışa hazırlaşmışıq və tezliklə oynamaq istəyirik. Əlbəttə, vulkana qarşı çıxmaq olmur, amma heç kim bilmir ki, iki-üç həftə sonra komandanın durumu necə olacaq. Vaxtından oyunları keçirmək və istirahətə yollanmaq istərdik. Ümid edirəm ki, oyunlar yayda keçirilməz.
Komandanın təcrübəsi AÇ-dən sonra bir qədər artıb. Hər iki yarış fərqlidir. Bununla belə, ARazın heyətinin 90%-i beynəlxalq təcrübəyə malikdir. Bu bizə kömək edəcək.
AFFA mükafatlarımızı verib. Nə söz vermişdilərsə, ödədilər. Amma məncə, AÇ-də 4-cü yerə görə daha çox vermək olardı”.
