20 aprel 2010 00:17
Medallar sahibini tapır, yaxud Hər şeyi Oyun həll etsin
Hər ötən həftə “Unibank” Premyer Liqasında ilk “altılığ”ı bir qədər də qütbləşdirir. 28-ci turdan sonra fəxri kürsüdə qərarlaşacaq komandaların adına böyük ölçüdə aydınlıq gəldi.
Azerisport.az bildirir ki, mövsümün nəticələrinin sona hələ 4 tur qalmış belə ürəklə proqnozlaşdırılması iki amillə bağlıdır: turnir cədvəlindəki vəziyyət və komandaların real durumu. Məsələn, Qəbələnin elə əvvəlcədən çempionluq uğrunda mübarizəyə qoşula bilməyəcəyi aydın idisə, bu gün bu artıq de-fakto mümkün deyil. Əlbəttə, nəzəri şanslar qalıb, amma futbolda hələ heç bir komanda sona 4 tur qalmış 10 xallıq fərqi aradan qaldıra bilməyib.
Neftçi ilə Qarabağın medallar üçün oynamaq şansları bir qədər nikbin görünsə də, birincisi, kifayət qədər böyük sayılan xal fərqi (müvafiq olaraq, Bakı, İnter və XL-dən 4, 5 və 6 xal) bunu əngəlləyir, ikincisi, komandaların bugünkü oyunu gələcəyə ümidlə baxmaq əsası vermir. Qarabağ böhran içindədir və zaman göstərdi ki, heç Neftçi üzərində qələbə də Qurban Qurbanovun komandasının çətin psixoloji durumdan çıxmasına şərait yaratmayıb. İnter üzərində qələbə ilə təəccübləndirən ölkənin ən titullu klubu isə buna qədər xeyli xal itkisinə yol verib. Bir də ki, heç son turdakı 3 xal da komandada hər şeyin qaydasına düşdüyü barədə fikir yürütməyə əsas vermir.
Deməli, fəxri kürsü artıq məlumdur: XL, İnter, Bakı. Komandaların bu cür yerləşdirilməsi başqa məqamlar axtarmayın; biz turnir cədvəlinin bu gün diqtə etdiyi şərtləri əsas götürdük. Ən vacibi odur ki, qarşıda bizi həm XL – İnter, həm də XL – Bakı matçları gözləyir. Diqqət yetirdinizmi? Ağasəlim Mircavadovun komandası hər iki həlledici matçı öz meydançasında keçirəcək. Əsas rəqiblərlə mübarizədə lənkəranlıları cəmi 4 xal da qane edir. Əlbəttə, digər görüşlərdə xal itirməmək şərti ilə. Bəs həmin “digər görüşlər” hansılardır?
Neftçi – XL və Qarabağ – XL. İki səfər qarşılaşması, üstəlik, “Böyük oyun”.
Məhz bu analizlərdən sonra bəlli olur ki, bu gün çempionluğa daha yaxın görünən ikinci tərəf... Bakıdır. Təəccüblənməyin və təqvimə diqqət yetirin. “Zolaqlılar “ağır” matçlarından biri yuxarıda qeyd etdiyimiz kimi, Lənkəranda baş tutacaq. Neftçi və İnterlə komanda Bakıda oynayır (hər halda, çətin ki, burada meydan amili həlledici rol oynasın). Qalır bir Qəbələ səfəri. Ramiz Məmmədovun komandası “altılıq”da çoxlarının qanının arasına girib, amma XL son turda göstərdi ki, bu kollektivi evində məğıub etmək olar... Bütün bunlar təbii ki, yalnız o halda keçərlidir ki, Bakıda Quzanlıdakı oyunun davamı gətirsin.
Bəs İnter? Kaxaber Çxadadzenin hövsələsizliyi, komandanın son turlarda ardıcıl xal itkiləri ilə üzləşməsi onu göstərir ki, “bankirlər”in düşərgəsində hər şey istənilən kimi getmir. Məhz belə həlledici anlarda güclü və təcrübəli məşqçi əlinə ehtiyac var. Məsələn, Ağasəlim Mircavadov kimi. Çxadadze isə nə qədər perspektivli mütəxəssis olsa da, etiraf edək ki, təcrübə baxımından həmkarına uduzur. Elə Bakının çalışdırıcısı Cüneyt Biçər də zəngin təcrübəsi ilə öyünə bilməz.
Bütün bunlar hələ “XL – çempion!” deməyə əsas vermir. Amma Lənkəran azarkeşlərini ümidləndirə bilər. Bu ümidlərin doğrulacağına, yaxud növbəti dəfə puç olacağına isə əlahəzrət Oyun qərar verəcək.
Diqqət yetirin, bu sözü dırnaqda yazmadıq... Ümid edək ki, hər şey məhz meydançada həll olunacaq.
