Məşhur rus şərhçi Şahin Diniyevin komandasını niyə təhqir edib? (FOTO)
Rusiyanın NTV+ telekanalının şərhçisi Vasili Utkin adıçəkilən kanalda efirə çıxan, özünün müəllifi və aparıcısı olduğu “Futbol klubu” verilişində həmyerlimiz Şahin Diniyevin məşqçi kimi çalışdığı Terekin baş məşqçisi Anatoli Baydaçnını tənqid edib. Azerisport.az xəbər verir ki, Utkin canlı efirdə Qroznı klubunun hər ev oyununda rəqib komandaların qapısına təyin olunan penaltiləri, Terekin isə “aşkar epizodlarda eyni cəza ilə üzləşməməsini Çeçenistan paytaxtı Qroznıda hakimlərə edilən təzyiqlər”lə əlaqələndirib, o cümlədən, matçdan sonra “hakim birinci hissədə rəqibin qapısına üç penalti təyin etməli idi” deyən Baydaçnının peşəkar keyfiyyətlərinə şübhə edərək, onun “kartof və portağal satmalı olduğunu” deyib. Bundan əlavə, telejurnalist sports.ru saytında apardığı şəxsi bloqunda da Baydaçnının danışıq tərzini ciddi tənqid atəşinə tutub.
Bununla əlaqədar olaraq, Terek Futbol Klubu bu gün öz rəsmi saytında bəyanat dərc edib və Utkindən, o cümlədən onun çalışdğı NTV+ telekanalında üzr tələb edib. Bəyanatda deyilir:
“...Artıq birinci dəfə deyil ki, Utkin öz çıxışları ilə Tereki ləkələməyə çalışır. Özü heç vaxt Çeçenistanda olmaya-olmaya, o bütün Qafqaz regionuna şovinist nəzərlərlə baxır.
Biz hesab edirik ki, Vasili Utkin bu fikirləri ilə Terek Futbol Klubunu, onun baş məşqçisini, komandanın azarkeşlərini, Çeçenistan Respublikasının rəhbərliyini və bütün çeçen xalqını təhqir edib. Biz kanalın idman şöbəsindən və şəxsən Vasili Utkindən üzr istəməsi tələb edirik ki, əks halda, şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu özümüdə saxlayırıq”.
