Qəhrəmanla uğursuzun fərqi, yaxud Azərbaycan məşqçisi toxunulmazdır?!
Vasili Utkin NTV+ telekanalının efirində dediyi sözlərlər bütün Rusiyanı bir-birinə vurub.
Azerisport.az artıq bu barədə yazıb və postsovet məkanının ən məşhur idman şərhçilərindən birinin fikirlərini təkrarlamaqda lüzum görmür. Utkin artıq birinci dəfə deyil ki, fikirlərindəki sərt tənqidi notları “yüngül” təhqirlə qarışdırır. Şərhçinin vaxtilə ÇSKA və onun rəhbərliyi, futbolçu Andrey Arşavinlə münaqişələri olub. Amma Utkini bir jurnalist kimi sevdirən əsas amil də budur: onun qorxmazlığı və istədiyi şeyi deməsi. Məhz buna görə də həmkarımızın rusiya saytlarından birində apardığı hər iki bloqa 4-5 min istifadəçi “abunə olub”.
Utkinin peşəkar keyfiyyətləri bir kənara qalsın. Bu metarialın məğzi onun nəyi necə deməsində yox, tənqid oxlarını məhz konkret şəxsin üzərinə tuşlamasındadır. Hazırda Şahin Diniyevin Terekdə kömək etdiyi Baydaçnı əslində belaruslu olsa da, Rusiyada onu çoxdan özünkü kimi qəbul ediblər. Təcrübəli məşqçi öz işi ilə az-çox iz qoyub və bu gün də Tereki uğurla çalışdırmaqla səviyyəsini sübuta yetirir. Amma diqqət yetirin, Utkin onu necə tənqid edir?
Azərbaycanda çətin ki, hansısa bir məşqçi Anatoli Baydaçnı qədər təcrübəyə malik olsun (hərçənd, o heç Rusiya çapında da böyük mütəxəssis sayılmır). Amma bizdə belə bir şey mümkündürmü?
Deyə bilərsiniz ki, bizim ölkəmizdə, məhz idman jurnalistikasında Vasuli Utkin kimi səviyyəsini illərin sınağından çıxarmış jurnalist tapmaq çətindir. Sizinlə müəyyən qədər razılaşmaq olar, amma bu yerdə hazırda Neftçinin vitse-prezidenti kimi çalışan Tahir Süleymanovun azərbaycanlı jurnalistlərlə müraciətdə dediyi sözlər yada düşür: “Nə zaman görsəniz ki, sizin işlədiyiniz redaksiyanın şəraiti “Frans Futbol” həftəliyinin şəraitinə uduzmur, onda bilin ki, Azərbaycan futbolu da səviyyəcə Fransa futbolundan geri qalmır”. Yəni futbol hansı səviyyədədirsə, ondan yazan jurnalistlər də o səviyyədədir. Bu tezislə heç də tam razılaşmaq olmaz, çünki müstəqillik dövründə Azərbaycan futbol jurnalistikasının səviyyəsi Azərbaycan futbolunun səviyyəsini bir qədər qabaqlayıb.
Bir sözlə, “İdman Azərbaycan” NTV+Futbol deyil, Vasili Utkin orada veriliş aparmır, Baydaçnı da Azərbaycanda çalışmır. Amma analogiyalar var.
Bizim ölkəmizdə bir dəfə Azərbaycan çempionu olan baş məşqçi özünü az qala Kapello və Mourniyo səviyyəsinə qədər qaldırır və hər açıqlamasında komandasını çempion etdiyini insanların yadına salmaq istəyir. Avropada isə - 0:3, 0:4 və ya 0:5.
Azərbaycanda nəticələrin əksər hallarda meydançadan çox-çox kənarda, kabinetlərdə müəyyənləşdirilməsi bir yana dursun - belə şeyləri sübut eləmək mümkün deyil. Karyerası boyunca bir nəfər də olsun futbolçu yetişdirməmiş, avrokuboklarda bir dənə də olsun qələbə qazanmamış mütəxəssisin özünü “toxunulmaz” hesab etməsi insanlara bəzən gülünc gəlsə də, əslində, bu faciədir. Kiçik millətlərin arzuları da həmişə kiçik olub. Amma biz özümüzü kiçik millət saymırıq, deyilmi? Bəs onda niyə əldə edilən bir qızıl medal, qələbələrə görə verilən mükafatlara alınan xarici markalı bahalı avtomobil bizə kifayət edir? Məgər klub səviyyəsində hər şey qazanan, İtaliya yığmasını dünya çempionu edən Marçello Lippinin kiməsə nəyisə sübut etməsinə ehtiyac varmı? Onda niyə bu ağsaçlı mütəxəssis yenidən “skuadra adzurra”nın sükanı arxasına keçdi?
Yaradıcı insanların yalnız bir azarkeşi var: özü. Karyerası boyunca saysız uğurlar qazanmış şəxs qələbələrdən doya bilməz və onun özünə bunu bir daha bacarağacağını sübut etmək kimin ehtiyacı var. Uğursuza isə Azərbaycan çempionluğu da bəsdir.
