Azərbaycan futbolunun qışqırmaq xəstəliyi
Hakimlik mövzusu yenə gündəmə gəlib. Azərbaycan futbol ictimaiyyəti buna öyrəncəlidir. İllərin dərinliyində bu yana hakimlər futbolumuzda ən zəif bənd hesab olunub və tez-tez tənqidlərə tuş gəlib. Haqlı, ya haqsız...
Azerisport.az xəbər verir ki, Əfqan Həmzəyevin saytımıza müsahibəsində sərt fikirlər səsləndirməsi, Qəbələ Futbol Klubunun isə XL-lə son qarşılaşmada Rövşən Əhmədovun qərəzli olduğunu açıq-aşkar bildirməsi, bununla yanaşı, AFFA, PFL və “İdman Azərbaycan” telekanalında da “ilişərək” adıçəkilən qurumların əlbir işləməsinə eyham vurması bizi yenidən hakimlik məsələsinə dönməyə vadar etdi.
Hakim – klub mübahisələri balaca uşaqların söz davasına bənzəyir. Heç kim heç kimə qərəzi və ya səhvi faktsız sübut edə bilməz. Faktlar gətirildiyi təqdirdə isə işə “valideynlər” qarışır və uşaqların dalaşmasına imkan verməyərək, onları sakitləşdirir.
XL – Neftçi görüşündə elə həmin Əfqan Həmzəyevin kələfin ucunu itirməsi aşkar görünürdü. Buraxılan kobud səhvlərin xarakteri bir yana, elə təkcə həmin səhvlərin mövcudluğu diskvlafikasiya üçün səbəbdir. AFFA cəza qərarını gecikdirmədi, amma bunu gülməli izahla möhkəmləndirdi: “Oyun hazırlıq zamanı buraxılan səhvlər”. Siz deyin, hakimin matçdan əvvəl tuman altlığı geyinməməsinə, yaxud dinləyici qurğuya daş alıb qoyulmamasına görə, onu 3 oyunluq cəzalandırırlarmı? Bir də ki, milyonların fırlandığı ölkədə niyə dinləyici qurğunun daş problemi olmalıdır? Avropa buna gülməzmi?
Rövşən Əhmədovun Qəbələ - XL görüşündə buraxdığı səhvləri biz görməmişik. Amma çətin ki, meydan sahibləri bu bəyanatı boş yerə yaysınlar. Klubun özünə qarşı ədalətsizlik və qərəzlilik məqamları gördüyünə heç bir şübhəmiz yoxdur. Amma bunun üçün bəyanat yaymağa ehtiyac varmı?
Yaxud ölkə mətbuatına verdiyi müsahibəsində “Bu mövsüm Bakının başına çox oyunlar açılıb” deyən Bakının baş meneceri Zeynal Məmmədovun bu sözləri nə xarakter daşıyır? Bu sözlərin arxasında nə durur? Məgər birinci il və birinci dəfədirmi ki, hakimlər kobud səhvlərə yol verir? Məgər fit sahiblərinin qərəzindən xəbərdar olan klubların bu günahları sübut etmək üçün əlində dəlil-sübut varmı? Hətta bu cür dəlil-sübutların mövcudluğu təqdirində belə, məgər həmin dəlil-sübutlar aidiyyatlı orqanlara təqdim olunurmu? Təqdim olunduğunu xəyal etdiyimiz həmin hipotetik dəlil-sübutlar məgər ictimaiyyətə məlum olurmu?
Azərbaycan futbolunda bir qışqırmaq xəstəliyi var. Hər kəs qışqırır və həyəcan təbili çalır. Hər kəs kimdəsə qərəz axtarır, özünə qarşı qruplaşma görür, onun uğur qazanmasını əngəlləməyə çalışdığını iddia edir: klublar, hakimlər, futbolçular, məşqçilər, PFL...
Amma siz bu bir neçə ildə mətbuat konfransı təşkil edib fikirlərini və şübhələrini savadlı şəkildə izah edən klub (hakim, futbolçu, məşqçi, müstəqil mütəxəssis...) görmüsünüzmü? Niyə, məsələn, məğlub olan klub MƏHZ YIĞMANIN TOPLANIŞINDAN SONRA günahı futbolçuları yersiz toplanışa yığan milli rəhbərliyində görür? Məgər bu toplanışın baş tutacağı bir ay əvvəldən məlum deyildimi?
Gəlin, qışqırmayaq, cənablar! Gəlin, fikirlərimizi savadlı şəkildə, məntiqi ardıcıllıqla, faktlarla izah edək. Onsuz da hakimlərin lazım gələndə rüşvət aldığını, yuxarıdan gələn zənglə hansısa komandanı “sürüdüyünü”, klubların lazım gələndə rəqib oyunçularını və məşqçilərini, elə həmin hakimləri aldığını hər birimiz bilirik. Müəyyən nəticələrin kabinetlərdə həll olunduğundan xəbərimiz var. Belə olan halda, qışqırmaq nəyə gərək? Bu bizim futbol təsərrüfatımızın reallığıdır. Və onu yaxşıya doğru dəyişmək istəyən klub əvvəlcə özü oyun alqı-satqısından imtina etməli, klubların təzyiqindən qurtulmaq istəyən hakim özü əvvəlcə yuxarıda gələn tapşırığa əməl etməmələli və qərəzdən əl çəkməlidir. Əks halda, bütün qışqırıqlarımız özümüzə qalacaq.
