Sonuncu dəfə Premyer Liqanın formatı barədə
Dünən AFFA-nın rəsmi saytı İcraiyyə Komitəsinin növbəti iclasının aprelin 27-nə salındığı barədə məlumat yaydı. Azerisport.az xəbər verir ki, iclasın gündəliyinə azərbaycanlı azarkeşlərin ən çox maraq göstərdiyi məsələ - Premyer Liqanın formatının müzakirəsi məsələsi də salınıb.
Bu barədə çox danışılıb, çox yazılıb. Təkrarçılığa yol vermədən bildirək ki, bu yazının məqsədi heç də hər hansı formatı təklif etmək fikrimiz yoxdur. Sadəcə, futbol kuluarlarında gəzən söz-söhbətləri, premyer liqanın mümkün formatlarını gözdən keçirək və hansı sistemin həyata keçməyə daha yaxın olmasını müzakirə edək.
Yazıya I diviziondan başlamaq daha düzgün olardı. Çünki Premyer Liqanın tərk edəcək kollektivlərin adlarına böyük ölçüdə aydınlı gəlsə də, aşağı liqadan kimin güclülər sırasına qoşulacağı məlum deyil. 18 turdan sonra I divizionda MOİK, Gəncə, Bakılı, Neftçi İSM, Rəvan və ABN-Bərdənin Premyer Liqaya çıxmaq üçün nəzəri şansları qalıb. Bu “altılıq”da MOİK və Gəncənin şansları daha yüksək qiymətləndirilir. Hər halda, bu kollektivlər digərlərindən 3 və 4 xal uzaqlığında aralana biliblər. Hərəyə daha iki qələbə “hərbçilər”lə gəncəliləri rəqibləri üçün əlçatmaz edəcək. Aşağı liqada rəqabətin elə də yüksək olmadığını nəzərə alsaq, bu asanca həll oluna biləcək məsələ kimi görünür.
Əlbəttə, turnir cədvəlinə görə Premyer Liqaya vəsiqə qazanmaq bir iş, yüksək eşelonun tələblərinə cavab vermək ayrı. Ötən mövsümü xatırlayın: məhz I divizionda qalib gələn ABN-Bərdə və Şahdağın (Qusar) yüksək liqada oynamaq üçün pullarının olmadığını əsas gətirməsi, PFL-in premyer liqada komandaların sayını 14-dən 12-yə qədər azaltmasını şərtləndirdi. Nəticədə hamı uduşda qaldı: klubların pulları havay sovrulmadı və uğursuzlar yenidən Premyer Liqa havasını udmaq şansı əldə etdilər.
Bu mövsüm isə iki variant mümkündür:
a) Premyer Liqanı heç kəs tərk etmir və 12 komandalı sistem tətbiq olunur;
b) Premyer Liqanı iki uğursuz tərk edir və 10 komandalı sistem tətbiq olunur.
Diqqət yetirdinizsə, I diviziondan hər hansı bir komandanın yüksək liqada mübarizəyə başlamasından söhbət getmədi. Danışırlar ki, bu ildə MOİK və Gəncə bir pillə qalxmaqdan imtina edəcəklər. Ya da bunu onlardan “xahiş edəcəklər”.
Çox kədərli fakt olsa da, düzü, MOİK-in Premyer Liqaya qayıtmasının çətin ki, bu turnirin inkişafına bir tutarlı təsiri olsun. Bu komandanın hansı dayaqlar üstündə dayanması hamımıza bəllidir. Yalnız onu demək kifayətdir ki, MOİK yalnız Mərkəzi Ordu İdman Klubudur. Yəni Peşəkar Futbol Klubu deyil.
Gəncənin böyük futbola dönüşünün baş tutmaması isə həqiqətən kədərlidir. Bu sətirlərin müəllifi ”altılıq” sisteminin saxlanması hesabına belə olsa, Gəncənin Premyer Liqaya çıxmasının tərəfdarıdır. Bu şəhərdə futbol azarkeşi var, bu şəhərdə futbol potensialı var. Ölkə futbolunu bu cür böyük potensialdan daha bir il məhrum etmək insafsızlıq olardı.
Hərçənd, yenə də bəndəniz hesab edir ki, bir milli çempionat üçün “altılıq” qədər uğursuz sistem fikirləşmək çətindir.
Karvan və Standardın (Muğan, Turan, Simurq, Olimpik-Şüvəlan və s.) yüksək liqada çıxması ilə Azərbaycan çempionatında az-çox rəqabətədavamlı 10 komanda qalır. Və bu çox yaxşıdır. Bəziləri 10 komandanın Azərbaycan üçün çox az olduğunu iddia etsə də, bu fikirlərin altında məntiqi baza gözə dəymir. Məgər bizim ölkədə möhkəm dayaqlar üzərində formalaşan 12, 14, 16 klub varmı? Bir də əgər bu gün aşağı dəstə komandaları pulsuzluq üzündən güclülər sırasına qoşulmaq istəmirsə, Premyer Liqanı kimin hesabına genişləndirməliyik?
Sonda nəzərinizə çatdıraq ki, PFL və AFFA çempionatın növbəti mövsüm üçün formatını böyük ölçüdə müəyyənləşdirib. Müzakirələr iki variant ətrafında gedəcək: indiki sistemi saxlamaq və ya 10 komandalı 4 dövrəli sistemə keçmək.
Bu, İK-nın iclasına qədər azerisport.az-da format barədə sonuncu material olacaq. Bir də bu məsələyə aprelin 27-də qayıdacağıq.
