23 aprel 2010 00:05
Sular durula bilər, yaxud Bir daha Qomeş və Miçoviç barədə
“Unibank” Premyer Liqasının 29-cu turu azerisport.az-ın təqdimatında.
Gələn həftənin çərşənbə gününə Azərbaycan kubokunun təyin edildiyindən PFL klubların çox yüklənməməsi üçün yenə təqvimi eybəcər vəziyyətə saldı. Bu həftə də cümə və şənbə günləri çempionatın 6 görüşünü izləyəcəyik. Bazar günü isə futbolçu və məşqçilər də “sivil insanlar kimi” istirahət edəcəklər.
Turun bütün maraqlı görüşləri məhz bu gün baş tutacaq. Özünüz baxın: XL – İnter və Bakı – Neftçi. Hər ikisi çempionluq yolunda “suları durulda biləcək” qarşılaşma, üstəlik, onlarda biri paytaxt derbisi!
Bakı – Neftçi (və ya Neftçi - Bakı) qarşıdurması ajiotaj baxımından Böyük oyun, tarixi ənənələr baxımından Neftçi ilə Qarabağın mücadiləsi qədər zəngin olmasa da, bu matçlarda özünəməxsus anturaj hiss olunur. Bakı Neftçi üçün müstəqillik dönəmində ən çətin rəqiblərdən hesab olunur. Təsadüfi deyil ki, “zolaqlılar”ın Azərbaycan çempionatlarında çıxış etməyə başladığı 2005-ci ildən bu yana ölkənin ən titullu klubu yalnız bir dəfə - elə həmin 2005-ci ildə çempion olub. İki dəfə Neftçi Bakıdan arxada qalıb. 2006-ci ildə isə o zaman hələ Böyükağa Hacıyevin komandası məhz Tofiq Bəhramov adına Respublika stadionunda Leandro Qomeşin qapıçı Vladimir Miçoviçin ayaqları arasında qapıya göndərdiyi topla çempionluğun taleyini həll etmişdi. İndi Qomeş Braziliyanın ştat çempionatlarından birində bombardlik nümunəsi göstərir, Miçoviç isə ümumiyyətlə, Neftçinin əvəzedici heyətindədir. Amma bu, yenidən ən məşhur hakimimizin adını daşıyan stadionda keçiriləcək qarşılaşmanın önəmini azaltmır.
Bu oyun çətin ki, böyük azarkeş marağına səbəb olsun. Paytaxt publikası əsas yığmanın, və klubların beynəlxalq görüşləri, Azərbaycan kubokunun final qarşılaşması və Neftçi – XL matçından başqa futbol tədbirlərinə adətən həvəssiz yanaşır. Bakı ilə Neftçinin mübarizəsini bir qədər primitivləşdirın yeganə amil də budur.
Lənkəranda isə anşlaq olacağını indidən gözləmək olar. Səbəbi sadədir: Ağasəlim Mircavadovun komandası hazırda ən yaxın izləyicisi olan İnter üzərində qələbə ilə həm çempionluğa doğru daha bir inamlı addım atmış olar, həm də gələn həftə baş tutacaq Böyük ərəfəsində psixoloji durumunu bir qədər yaxşılaşdıra bilər. XL qazandığını çox nadir hallarda əldən buraxan kollektivdir. Elə buna görə də lənkəranlıları indidən çempion görənlərin sayı az deyil. Amma gəlin, tələsməyək, cümə günü baş tutacaq və haqqında yuxarıda danışdığımız iki qarşılaşmaların nəticələrinin turnir vəziyyətinə böyük təsiri olacaq.
Bazar günü ilk “altılığ”ı qapayan kollektivlər üz-üzə gələcəklər. Böhranda olan Qarabağın qələbədən başqa çarəsi yoxdur. Elə avrokuboklara getməyə ümid edən Qəbələnin də. Heç-heçə isə hər iki komandanı turnir cədvəlinin yuxarılarından bir qədər də uzaqlaşdıra bilər.
İkinci “altılıq”da da liderlər qarşılaşır. Ötən tur 7-ci yeri Olimpik-Şüvəlana verən Simurq bu gün “Şəfa”da həmin yeri qaytarmağa çalışacaq. Turan isə Tovuzda Standardı qəbul edir. Sumqayıtlıların daha bir məğlubiyyəti onları I diviziona doğru irəliləyən Karvana yoldaş edə bilər. Yevlax klubu, xatırladaq, Salyanda Muğanın qonağı olacaq. Bu görüşdə qələbədən başqa qeydə alınacaq istənilən nəticə Premyer Liqanın Karvanı itirməsi demək olacaq.
“Unibank” Premyer Liqası, 29-cu tur
23 aprel (cümə)
16.00. Olimpik-Şüvəlan- Simurq
16.00. Turan - Standard
17.15. Bakı - Neftçi
18.00. Xəzər Lənkəran - İnter
24 aprel (şənbə)
16.00. Muğan - Karvan
17.00. Qarabağ - Qəbələ
