Biro Jade: Baş məşqçinin dediklərini şərh etmək istəmirəm
Arazın və Azərbaycan yığmasının liderlərindən biri, son Avropa Çempionatının ən yaxşı bombardiri kimi UEFA-nın “Qızıl buts” mükafatına layiq görülən, çoxlarının Biro Jade kimi tanıdığı Maşado Nilson azerisport.az-ın müxbiri ilə söhbətində İntevryu ilə görüşdən, komandanın üçünlük şanslarından və Arazın heyətində olan legionerlərdən danışıb.
“Məncə, İntervyu statusca Portuqaliya yığmasından üstündür. Buna görə də AÇ-də olduğu kimi, bu dəfə o qədər kədərli deyilik. Hərçənd, finalın bir addımlığında dayanmaq həmişə təəssüf doğurur. Çoxları elə hesab edirdi ki, İntervyu ilə mübarizə apara bilmərik. Amma şəxsən mən son dəqiqələrə qədər qələbəyə inanırdım. Belə rəqiblərlə oyunlarda rəqibin səhvlərindən istifadə etmək lazımdır. İki dəfə həlledici vəziyyətdə oyunun gedişini dəyişə bilmədik. Əgər bu epizodlarda rəqibi cəzalandırsaydıq, indi finalda idik. Etiraf edirəm ki, bizim də müəyyən səhvlərimiz oldu. Lakin bu taktika ilə bağlı deyildi. İntervyuya qarşı yalnız müdafiədən oynamaq olar.
Baş məşçi bildirib ki, Arazda keyfiyyətli futbolçuların sayı azdır? Bu onun fikridir. Şərh etmək istəmirəm. Məğlubiyyətə rəğmən, böyük işlər gördük. Azərbaycan futzalı bu mövsüm möhtəşəm nəticələr göstərdi. Özünüz baxın həm AÇ-də, həm də UEFA kubokunda 4 ən güclü komanda sırasına düşdük. Amma məsələn, Rusiya və İtaliya yığmaları, Qazaxıstan Kayratı buna nail ola bilmədilər.
Legionerlərin çoxluğu? Bunu deyənlərin özlərinin heyətində əcnəbi futbolçular var. Bu barədə heç danışmaq belə istəmirəm.
Ən çox ondan qorxuram ki, bu dəfə də medal qazana bilməyək. Həm Benfikanı, həm də Luparenseni məğlub edə biləcək gücdəyik. Gücümüzü italyanlarla görüşdə sınayacağıq. Üçüncü yeri götürmək lazımdır”.
