AÇ kimi olmasın!
Araz UEFA Kubokunun finalına çıxa bilmədi. Belə görünür ki, komandamız yarımfinalda kubokun cari və gələcək sahibinə məğlub oldu.
Azerisport.az xəbər verir ki, matçdan əvvəl verilən proqnozlar çoxlarımızı acı fikirlərə qərq etmişdi: bəs birdən biabır olsaq? Bəs birdən Araz böyük hesabla yenilsə? 2:5 hesabı daə futbolda və futzal da böyük sayılır. Amma etiraf edək ki, bu hesab heç də oyunun gedişini əks etdirmir. Çünki mübarizə faktiki olaraq, 2:4-ə qədər getdi. Luis Amadonun boş qapıya göndərdiyi topdan sonra vurulan və ya vurula biləcək hər bir top oyundakı sarı vərəqələrə bərabər idi. Statistika baxımından vacib, amma əhəmiyyətlilik baxımından sıfıra bərabər.
Arazı Luis Amadonun təkbaşına məğlub etdiyini demək olmaz; İntervyu həqiqətən (xüsusilə ikinci hissənin ikinci yarısında) güclü görünürdü. Lakin o da var ki, rəqib gözlənilən qədər qorxulu çıxmadı. Onunla mübarizə aparmaq mümkün idi, apardılar da. Ona qalib gəlmək də mümkün idi – bacarmadılar.
Məğlubiyyət bizə bir anlıq bu ilin yanvarında keçirilən AÇ-nin final mərhələsini xatırlatdı. Həmin baş məşqçi, həmin futbolçular, həmin yarımfinal və məğlubiyyət. Araz UEFA Kubokunda finala çıxmaqla adını futzal tarixinə yazdıra bilərdi. Amma indi yalnız bürünc medallar uğrunda mübarizə aparmaq qalır. Bax, burda artıq AÇ kimi olmasın və komandamız yenə fəxri kürsüdən kənarda qalmasın.
Ümid edək və bazar gününü gözləyək.
UEFA Kuboku, 1/2 final
ARAZ (Azərbaycan) – İNTERVYU (İspaniya) 2:5
Xordi, 10 (0:1), Biro Jade, 19 (1:1), Qabriel, 21 (1:2), Serjio, 24 (2:2), Betao, 34 (2:3), Amado, 38 (2:4), Daniel, 39 (2:5).
