25 aprel 2010 14:54
Bakı Qalatasaraya qarşı
Sabah start götürəcək “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirdə iştirak edəcək Bakı Futbol Klubunun 17 yaşlı futbolçulardan ibarət komandası bu gün səhər saatlarında Qazaxıstanın Astana şəhərinə yola düşüb.
Azerisport.az хəbər verir ki, Bakı Futbol Klubunun 17 yaşlı futbolçulardan ibarət komandasının qrupdakı rəqibləri yetərincə güclüdür. Yeniyetmə futbolçularımız Moskva MOİK-i, Türkiyənin Qalatasaray və Serbiyanın 17 yaşlılardan ibarət komandası (U-17) ilə bir qrupda yer alıb. Komanda ilk oyunu sabah Bakı vaxtı ilə saat 10:00-da serblərə qarşı keçirəcək. Ertəsi gün həmin saatda böyük maraqla gözlənilən Bakı - Qalatasaray görüşü başlayacaq. Nəhayət, qrupda son oyun aprelin 28-də Bakı vaxtı ilə saat 08:00-da MOİK-lə keçiriləcək.\
Astanada “Astana Arena”da keçiriləcək turnirin qrup mərhələsinin oyunları başa çatdıqdan sonra növbəti rəqib müəyyənləşəcək. Bakı qrupda hansı yer tutmasından asılı olaraq, aprelin 30-da 1-ci, 3-cü, 5-ci və ya 7-ci yer uğrunda oyuna çıxacaq. Final görüşündən sonra bağlanış paradı keçiriləcək.
A qrupunda isə Qazaxıstanın Tsesna-94, Rusiyanın Zenit, Özbəkistanın Bunedkor və Koreyanın SUAR-94 komandası yer alıb.
Səfər öncəsi Bakı Futbol Klubunun 17 yaşlı futbolçulardan ibarət komandasının baş məşqçisi Cavad Hilalov turnirlə bağlı fikirlərini klubun saytına açıqladı: “Bu cür turnirdə iştirak etmək çox xoşdur. Şübhə etmirəm ki, yarışda futbolçularımız böyük təcrübə qazanacaqlar. Bu cür turnirlərdə komandalarımız nə qədər çox iştirak etsələr, bir o qədər yaxşı olar. Bizim üçün belə bir yarışda iştirak etməyə şərait yaratdığı üçün klub rəhbərliyinə də öz təşəkkürümüzü bildiririk”.
Cavad Hilalov komandanın turnirdəki perspektivi barədə bunları dedi: “Moskva MOİK-i və Qalatasaray kimi futbol məktəbi güclü inkişaf etmiş kollektivlərə qarşı oynamaq bizim futbolçulara çox şey qazandıracaq. Yarışa ciddi hazırlaşmışıq. Çünki biz orada təkcə klubumuzu deyil, həm də Azərbaycanı təmsil edirik. Amma rəqiblərimizdən fərqli olaraq, bizim komandanın əsasını 1994-cü il deyil, 1995 və 1996-cı il doğumlu uşaqlar təşkil edir. Komandamızın şərəfini qoruyan uşaqlar təxminən 1 ildir ki, biryerdə çıxış edir. Amma MOİK və Qalatasarayın əksər üzvləri artıq 3 ildən çoxdur ki, biryerdə oynayırlar. Futbolda bu cür amillər mühüm əhəmiyyət daşıyır. Hər bir komanda kimi biz də qalib olmaq istərdik. Amma hər şeyə real yanaşmaq lazımdır. MOİK və Qalatasarayın səviyyəsinə çatmaq üçün bizə hələ bir neçə il lazımdır. Bu o demək deyil ki, indidən məğlubiyyətlə barışmışıq. Xeyr, amma reallığı də nəzərə almaq lazımdır. Səviyyəli rəqiblərə uduza da bilərik. Bizim üçün əsas bu turnirdə qələbə qazanmaq yox, futbolçularımızın təcrübə qazanmasıdır”.
