Böyük oyun harada baş tutacaq?
Mayın 1-də Neftçi və Xəzər Lənkəran “Unibank” Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacaqlar. Azerisport.az xəbər verir ki, oyuna 5 gün qalsa da, hələ də matçın hansı arenada baş tutacağı dəqiqləşməyib.
Əlbəttə, Neftçinin bu mövsüm ev oyunlarını əsasən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirdiyini nəzərə alsaq, görüşün məhz bu arenaya salınacağını proqnozlaşdırmaq olar. Amma bu, optimal qərar deyil. Çünki a) İsmət Qayıbov adına stadionun tutumu 6-7 mini ötmür; b) Bakıxanova qəsəbəsi şəhərdən kənarda yerləşir və ora gedib çatmaq üçün azarkeşlər daha uzun yol qət etməlidirlər; c) Böyük oyun ölkənin bütün mənalarda bir nömrəli stadionunda keçiriləməlidir.
Bu bəndləri bir-bir incələsək görərik ki, problem yaradan əsas məqam stadionun tutumu məsələsidir. Əlbəttə, heç avrokubok matçları zamanı tribunaları tam dolmayan Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə anşlaq yaşanacağı ehtimalı yüksək deyil. Amma istənilən halda, azarkeşlərin sayı 10 min nəfərdən az olmayacaq. Bu isə, görüşün “İsmət Qayıbov”da keçiriləcəyi təqdirdə, azarkeşlərin yarısının çöldə qalmasına gətirib çıxaracaq.
Şəhərin demək olar ki, bütün nöqtələrinə yaxın yerdə qərarlaşan “Gənclik” metrosu yaxınlığındakı Respublika stadionu bu mənadada əlverişlidir. Tutaq ki, Bayıl qəsəbəsində yaşayn azarkeş Bakıxanova getmək üçün bir neçə dəfə marşrut dəyişməli, səyahət əsnasında isə həm metro, həm də avtobusan istifadə etməlidir. “Gənclik” metrosuna isə hər yerdən avtobus işləyir. Deməli, buraya düşmək də asan olacaq.
Təhlükəsizlik tədbirləri barədə danışmaq yerinə düşər. Sirr deyil ki, Tofiq Bəhramov adına Respublika stadionu əhəmiyyətli oyunları qəbul edilməsində daha böyük təcrübəyə malikdir. Bu arenada demək olar ki, bütün detallar nəzərə alınıb. Üstəlik, azarkeşlərin oyunu müəyyən qədər rahat izləməsi üçün (əlbəttə, paytaxtın digər arenaları ilə nisbətdə) şərait var. Neftçinin indi ev oyunlarını keçirdiyi stadion isə faktiki olaraq, ilk dəfə bu cür böyük “məsuliyyəti boynuna” götürəcək.
Və nəhayət, sonuncu məsələ - imic. Siz deyin, ölkənin bir nömrəli futbol matçının iki tribunalı, standartlara tam cavab verməyən, normal teleyayım üçün əlverişli şəraiti olmayan arenada keçirilməsi bizə nə dərəcədə başucalığı gətirir?
Görünür, hələ qərar verilməyib, amma Respublika stadionunu direktoru Akif İsmayılov lent.az-a müsahibəsində bildirib ki, Neftçi XL və Qarabağla qalan iki oyununu bu arenada təşkil etməyəcək. Yəni bu barədə hər hansı bir razılıq yoxdur.
Amma qarşıda hələ 5 gün var. Neftçi rəhbərliyinin fikrini dəyişmək üçün vaxt kifayət qədərdir.
