26 aprel 2010 22:07
3-ü 1-də: futbol stadionu, hokkey arenası və boks rinqi (FOTO)
Almaniyanın Helzenkirxen şəhərində yerləşən “Feltins-Arena” (başqa adı “Arena auf Şalke”) bu yaxınlarda dünya idmanının tarixinə düşəcək. Azerisport.az xəbər verir ki, Şalke 04-ün ev oyunlarını keçirdiyi bu 61 min azarkeş tutumuna malik arena üç fərqli idman növü üzrə beynəlxalq miqyaslı yarışları qəbul edəcək ilk stadiona çevriləcək.
Futboldan əlavə bu möhtəşəm idman qurğusu mayın 7-də buzüstündə hokkey üzrə Dünya çempionatının açılış matçını – Almaniya – ABŞ görüşünü qəbul edəcək. Bunun üçün stadionun mərkəzində xüsusi buz meydançası salınıb və meydançaya yaxın ərazidə əlavə 4 tribuna quraşdırılıb, stadionun ümumi tutumu isə 76 minə qədər çatdırılıb.
Mayın 29-da isə peşəkar boksun WBC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə superğır çəkidə Vitali Kliçko və Albert Sosnovski üz-üzə gələcəklər.
2001-ci ildə istifadəyə verilən “Arena auf Şalke” 2004-cü ildə UEFA Çempionlar Liqasının finalını (Porto – Monako 3:0), 2006-cı ildə isə futbol üzrə dünya çempionatının 5 oyununu (bunların arasında 1/4 finalda baş tutan İngiltərə - Portuqaliya (0:0, p. 1:3) matçı da var) qəbul edib. Bundan əlavə, stadionda reqbi üzrə Almaniya çempionatının bir neçə oyunu, 2007-08-ci illərdə isə spidvey (motosikl idmanı) üzrə Almaniya Qran-Prisi keçirilib.
Onu da qeyd edək ki, "Feltins-Arena"nın ot örtüyü xüsusi qurğu vasitəsilə ilə stadiondan kənara çıxarıla bilir.
