28 aprel 2010 00:08
Artıq hər iki finalçı məlumdur?
Azərbaycan kubokunda yarımfinalın ilk matçları oynanıldı. Azerisport.az xəbər verir ki, oyunlar ərəfəsində verdiyimiz proqnozlar böyük ölçüdə özünü doğrultdu.
“Şəfa” stadionunda televiziyanın canlı yayımlamağı heç düşünmədiyi bir görüş baş tutdu. Yenə özümüzə AzTV və “İdman Azərbaycan”ın “bostanına daş atmaq”dan saxlaya bilmirik. Axı bu, Azərbaycan kubokunun yarımfinal görüşüdür! Axı necə olar bilər ki, bu cür qarşılaşma diqqətdən kənarda qalar? Başa düşürük ki, Azərbaycan futbolu reytinqli məhsul deyil. Amma məgər dövlət kanalının fəaliyyət prinsipi reytinq üzərində qurulub?
Deməzdik ki, Azərbaycan azarkeşi OŞ – XL görüşünü izləməməklə çox şey itirdi. Lakin bunun televiziyanın etinasızlığına heç bir aidiyyəti yoxdur. Kubok görüşlərinin spesifikliyi ondadır ki, burada hamı hamını məğlud edə bilər. Necə ki, ikinci “altılığ”ın lideri birinci “altılığ”ın liderinə layiqli müqavimət göstərdi. Bu qarşılaşmada məsələni ustalıq səviyyəsi həll etdi. Denis Kalinkovun qolu Xəzər Lənkərana cavab qarşılaşması öncəsi əhəmiyyətli üstünlük qazandırdı. İndi lənkəranlıları doğma arenada qolsuz bərabərlik də qane edir.
Eyni nəticə İnteri də tam qane salacaq. Kaxaber Çxadadzenin yetirmələri Bakını Tofiq Bəhramov adına Respublika stadionunda yenməklə böyük iş gördü. O mənada yox ki, Balı bu arenada məğlubedilmədir. O mənada ki, Cüneyt Biçərin komandası finala çıxmaq üçün artıq “Şəfa”dan mütləq qələbə ilə dönməlidir. Və əgər “zolaqlılar” işi əlavə vaxta daşımaq istəmirsə, 90 dəqiqə boyunca azı iki top vurmalıdırlar. Əvəzində maksimum birini buraxmaq şərti ilə.
Həqiqəti deyək?
Biz XL – İnter finalına şübhə etmirik. Amma proqnozumuzun alt-üst olmasına da sevinəcəyik.
Azərbaycan kuboku
1/2 final, ilk oyunlar
OŞ – XL 1:1
Kalinkov, 23 (0:1); İ. Qurbanov, 73 (1:1)
BAKI – İNTER 0:1
А.Məmmədov, 61 (0:1)
Cavab qarşılaşmaları mayın 5-də keçiriləcək.
