Genişlənən sayt bölməsi, yaxud Şirnikləndirici perspektivlər
Sitat
“AFFA ilə Access Bank arasında müqavilə bağlanması bizim üçün böyük hadisədir. Bu, gələcəkdə yeni sponsorların, yeni partnyorların cəlb edilməsinə kömək olacaq. Bu əməkdaşlıq təkcə əsas yox, həm də gənc və yeniyetmə yığmaları üçün önəmlidir”.
Berti Foqts, Azərbaycan yığmasının baş məşqçisi.
AFFA-nın rəsmi saytında “Sponsorlar” bölməsində yerləşdirilən loqoların sayı bir vahid də artdı. Yəqin ki, elə bu gündən etibarən orada (diqqət, bu, reklam deyil!) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azercell”, “Kapital Bank”, “Umbro”, “Hyundai” və “Aqua Vita” ilə yanaşı artıq “Acces Bank”ın da rəmzi əks olunacaq.
Azerisport.az xəbər verir ki, aprelin 27-də AFFA ölkə banklarından daha biri ilə əməkdaşlıq və sponsorluq barədə müqavilə imzaladı. “Sponsorluq və əməkdaşlıq” ifadəsinin altında nəyin durduğundan çox yaxşı xəbəriniz var. Müasir futbol bir biznes növüdür və burada HƏR ŞEY maddi münasibətlərə söykənir. Sponsoru olmayan federasiya federasiya deyil. Necə ki, müstəqil Azərbaycan futbolunun ilk 10-12 ilində “köhnə AFFA” bunu hər birimizə sübut etmişdi. Yəqin ki, assosiasiyanın keçmiş rəhbərliyi “bizə də belə dəstək versəydilər...” deyib başını bulayır. Amma pulsuz Azərbaycan futbolunun lap dilənçi kökündə yaşamasında elə o insanlar günahkar idilər. Necə deyərlər, hökümətlə hökümətlik etməzlər. Bunu bizə lap uşaqlıq yaşlarımızdan öyrədiblər...
AFFA daha bir sponsoruna qovuşdu. Bu o deməkdir ki, milli komandaların, regional futbol federasiyalarının sahə futbol federasiyalarının, uşaq futbolunun – bir sözlə, assosiasiyanın inkişafına cavabdeh olduğu bütün sahələrin maddi-texniki bazası möhkəmlənməlidir. Möhkəmlənəcək, ya yox, bunu zaman göstərəcək. Amma perspektivlər şirnikləndiricidir.
Bu gün “Azercell” U-17-lərin, “Kapital Bank” isə U-15-lərin çempionatını maliyyələşdirir. Bundan kim uduzub? Heç kim. İrəliyə doğru cüzi də olsa (ən azından, təşkilatçılıq baxımından), addım atılıbmı? Atılıb! İndi “Access Bank” da bu “sponsorlar və əməkdaşlar”ın fəxri siyahısına daxil oldu. Nəticəsini görəcəyik, tələsməyin.
Müqavilə 4 illik müddətə bağlanılıb və bunun da bir rəmzi mənası var. Əvvəla, qarşıdakı illər Azərbaycan futbolu üçün artıq hamının bezdiyi “keçid dövrü” sayılacaq. Üstəlik, bu müddətdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızların Avropa çempionatı keçiriləcək. Məhz bu yarışın yüksək səviyyədə keçiriləməsindən, ölkəmizin növbəti illər üçün daha nüfuzlu turnirlərin təşkil etməsindəə real namizədə çevrilməsinə yardım edəcək.
Müqavilənin maddi tərəfləri barədə məlumat verilmir. Düzü, jurnalistlər də bunun çox dərinliyinə getmirlər. Birincisi, onsuz da bu suala dəqiqliyi ilə cavab verilməsi mümkün deyil. İkincisi və ən əsası, kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, həmin məbləğin məhz futbolun inkişafı yolunda sərf edilməsi vacibdir.
Bunu isə onsuz da gizlətmək mümkün olmayacaq.
