Böyük oyunda polislərin sayı azarkeşlərdən az olmayacaq
Neftçinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında bildirib ki, klub Xəzər Lənkəranla oyun ərəfəsində güc strukturlarına müraciət edib. Azerisport.az xəbər verir ki, bu addım təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə bağlı atılıb.
"Matçın böyük marağa səbəb olduğunu nəzərə alaraq, təhükəsizliyi və asayişi qorumaq məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə, Daxili Qoşunlara və Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinə müraciət olunub. Həmçinin, Neftçinin təhlükəsizlik xidmətinin əməkdaşları da bu işlərə cəlb ediləcək.
Stadionun tutumu 5 minə yaxındır. Qaydaya əsasən, rəqib komandanın azarkeşlərinə stadionun tutumunun 5 faizi, təxminən 250 yer verilməli idi. Ancaq Xəzər-Lənkəranın da böyük azarkeş kütləsinə malik olduğunu nəzərə alıb, onlar üçün ikiqat çox - 500 yer ayırmışıq” – deyə Əşrəfoğlu bildirib.
