Rusiya da çempionatın formatını dəyişir
Bu gün Rusiya Futbol Premyer Liqasının (RFPL) təqvim üzrə komissiyasının iclası keçirilib. Azerisport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasın gündəliyinə çempionatın “payız-yaz” sisteminə keçidi məsələsi müzakirə olunub.
Artıq uzun müddətdir ətrafında danışıqlar gedən təqvimin dəyişdirilməsinə Rusiya heç vaxt bu qədər yaxın olmayıb. İclasda klub rəhbərləri, Rusiya Futbol İttifaqının (RFİ) və Peşəkar Futbol Liqasının (PFL) nümayəndələri yarış prinspilərinin saxlanılması, divizionlar arası rotasiya, transfer dövrlərinin Avropa ölkələri ilə sinxronlaşdırılması ilə bağlı məsələlər ətrafında detallı müzakirələr aparılıb. Hazırda “yaz-payız” sistemi ilə keçirilən Rusiya Premyer Liqasının 2011-ci ildən yeni formata keçməsi gündəmdədir. Komissiya bir də bu ilin iyununda bir araya gələcək.
Xatırladaq ki, Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev hazırda Terekin məşqçisidir, millimizin üzvü Mahir Şükürov isə Anjinin şərəfini qoruyur.
