Legioner limiti: qaçılmaz, yoxsa qaçılmalı olan məsələ?
Azərbaycanda çoxdandır legionerlərdən danışmırlar. Birvaxtlar milli çempionatda legioner limitinin olduğunu da insanlar az qala unudub. Amma növbəti mövsümdən bu məsələ bir daha gündəmə gələcək. Çünki yenidən limit tətbiq olunacaq.
Azerisport.az xəbər verir ki, bununla bağlı ortada İcraiyyə Komitəsinin rəsmi qərarı və qərara əsasən 3+8 sxemli limitə müraciət ediləcək. Bu o deməkdir ki, 2010/11 mövsümündə meydançada eyni vaxtda maksimum 8 xarici ölkə pasportlu futbolçu ola bilər. Başqa sözlə, oyunun rəsmi protokoluna – 18 nəfərlik heyətə 15 legioner də salına bilər. Yoxsa biz səhv edirik? Səhv ediriksə, əslində, qərar hansı cür formalaşdırılıb? Bax, bununla bağlı konkret dəqiqləşdirilmə aparılmayıb.
Bunu qoyaq bir kənara.
3+8 əslində legioner limiti yox, minimal azərbaycanlı futbolçu limiti deməkdir. Son mövsümdə dəfələrlə Bakı, İnter, Simurq, XL və OŞ-un matçlarında meydançada birdən-bir 9, 10, hətta 11 əcnəbi futbolçu da görmüşük. Bunun zərərli və xeyirli olması ilə işimiz yoxdur. Məsələ bu addımın məcburiyyətdən, yoxsa könüllü atılmasındadır. Yəni baş məşqçi qəsdən azərbaycanlı futbolçuları məngənədə saxlayır, yoxsa həqiqətən, onların səviyyəsi legionerlərə çatmır?
Hesab edirik ki, bu, bir jurnalistin, yaxud bir mütəxəssisin yetişə biləcəyi həqiqət deyil. Həqiqəti üzə çıxarmaq üçün bunun ətrafında böyük bir işçi qrupu fəaliyyət göstərməlidir. Burada hər şey nəzərə alınmalıdır: legioner və yerlib futbolçuları texniki-taktiki hazırlığı və bunların fərqi, statistik göstəricilər, komandaların oyun üslübu, transfer özəllikləri. Biz isə oturub legioner sayının sərbəst olmasını Azərbaycan futbolunun gələcəyinə vurduğu zərbə adlandırırıq.
Bu sətirlərin müəllifi yaxınlarda öz klubunun liderlərindən olan və milli komandaya da cəlb edilən bir yerli futbolçu ilə söhbət edirdi. Söhbət legioner məsələsinə gəlincə, həmin futbolçu bildirdi ki, limit tətbiq edilməyincə azərbaycanlı futbolçular inkişaf etməz. Amma bir sadə sualın cavabını tapmaqda aciz idi: hansı məşqçi özünə düşməndir və əgər yerli futbolçu həqiqətən güclüdürsə, niyə məhz legioner oynayır?
Bu sualın klublardakı real vəziyyətlərdən asılı olaraq, müxtəlif cavabları ola bilər. Məsələn, hansısa komandada yerli futbolçuların potensialı həqiqətən aşağıdır və onlar ehtiyatda qalırlar. Digərində baş məşqçinin, belə demək mümkünsə, maliyyə maraqları var. Üçüncü klubda milli məsələlər rol oynayır. Amma bütün bunların müzakirəsi mənasızdır: heç bir məşqçi 28 yaşlı Mahmud Qurbanovu ehtiyatda saxlamazdı. Bu futbolçunun təxminən 10 il ərzində (1998-2008) fasilələrlə və müxtəlif klublarda Ağasəlim Mircavadovun rəhbərliyi altında oynaması da heç bir rol oynamır. Şəmkir, Neftçi və Xəzər Lənkəranı Mircavadov yox, tutaq ki, Fatih Terim də olsaydı, ehtiyata atmazdı. Çünki adları çəkilən komandalardan Mahmudun mövqeyində ondan güclüsü yox idi. 38 yaşlı Qurbanovun indi rəqabətdə Aleksandr Şoliçə uduzmağı isə təbiidir. Mahmud əvvəlki Mahmud deyil və Şoliç, ədalət naminə bu gün yarım baş da olsa, üstün görünür.
Bu gün heç bir əcnəbi mərkəz müdafiəçisi Rəşad Sadıqovu, əcnəbi qapıçı isə Kamran Ağayevi, heyətdən sıxışdıra bilməz. Çünki onlar həqiqətən güclüdürlər. Belə şəraitdə Qarabağın Rəşadın əvəzinə Telinin yanına hər hansı bir legioner müdafiəçini, XL-in isə legioner qapıçını alması mənasızdır. Bu, yalnız havayı pul itkisidir.
Sadəcə, yaxşı futbolçular yetişdirməliyik. Əvəzedici heyətdən gələn futbolçular əsas heyətdəki futbolçuları sıxışdırmağa çalışmalıdırlar. Nə qədər ki, U-11-lə birinci komanda arasında münasibətlər piramida şəklində qurulmayacaq, bizi limit də xilas etməyəcək.
Yerli futbolçular isə bugünkü kimi 20-25 dəqiqə oyun vaxtı əldə edib legionerlərin çıxışına ağız büzəcək. Özləri isə onlarla rəqabətə girə biləcək səviyyədə olmayacaqlar.
