Çox başlar sındıracaq məsələ
Dünən toplaşan AFFA İcraiyyə Komitəsi Azərbaycan futbolunun bu günü və sabahı üçün bir neçə önəmli qərar verdi. Amma azerisport.az xəbər verir ki, bir məsələ yenə açıq qaldı: çempionatın format dəyişiləcək, ya yox?
Çətin ki, U-14 liqasının yaradılması və ya Silviya (Sissi) Raytın qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi təyin edilməsi futbol azarkeşlərini “Unibank” Premyer Liqasının format ətrafında gedən söz-söhbətlərdən daha çox maraqlandırsın. Əlbəttə, uşaq futbolunun inkişafı üçün bütün yaş qrupları üzrə komandalar arasında milli çempionatın keçirilməsi vacibdir. Elə Azərbaycan xanımlarının futbolu daha yaxşı oynaması üçün cəhdlər edilməsi öz-özlüyündə təqdirəlayiq haldır. Amma çətin ki, bu, Premyer Liqadan önəmli məsələ olsun. Təsadüfi deyil ki, İrcakom kimi ciddi qurum da vəziyyətdən çıxış yolu tapmayıb. Yoxsa tapıb?
Bu gün yekun qərarın verilməsinin təxirə salınması iki mətləbdən xəbər verir. Birincisi, futbolumuzun başbilənləri özləri də hələ hansı formata keçilməsi ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. İkincisi, “yeraltı” məsələlər öz təsirini göstərir.
Məsələn, Karvan və Standard (yaxud Turan, Muğan və s.) kimi bölgə klublarının (hər halda, Sumqayıt paytaxta yaxın olsa da, Bakı deyil. Üstəlik, bu şəhərin böyük futbol ənənələri var) itirməyi PFL və AFFA rəhbərliyi istəmir. Çünki AFFA-nın özünün qarşısında duran vacib vəzifələrdən biri futbolun kütləvililiyinin artırılmasıdır. Regionların fəal inkişafı olmadan isə bu mümkün deyil. Çünki sabah ölkə rəhbərliyindən kimsə AFFA-dan hesabat tələb etsə və regionlarda futbolun durumu barədə məlumat öyrənmək istəsə, çətin ki, yüksək liqada 10 klubun yarışması, bunlardan isə 5-nin Bakını təmsil etməsi həmin şəxsin ürəyindən olsun. Burada heç nəyi idman prinsipləri ilə izah da etmək olmaz. Futbolun birbaşa dövlətin nəzarətində olması sirr deyil. Bunu heç kim gizlətmir də.
Amma medalın digər üzü var: idman prinsipləri çərçivəsində Premyer Liqanı tərk edən Karvanla Standardın yenidən yüksək liqada mübarizəni davam etdirməsi də əlverişli deyil. Bu halda çempionatı samballığını itirir. Və kim zəmanət verə bilər ki, gələn mövsümün sonunda I divizona düşəcək, missal üçün, Olimpik-Şüvəlan eyni güzəştlərin ona da edilməsini tələb kimi qoymayacaq? Əgər idman prinsipləri pozulursa, hamı üçün eyni səviyyədə pozulmalıdır. Nə qədər paradoksal səslənsə də, bu belədir.
Ümumilikdə isə prinsiplər pozulmamalıdır. Buna görə də mövsümün sonunda 11-12-ci yerləri tutan kollektivlər yüksək liqanı tərk etməli, onları isə I divizionun iki ən güclü komandası əvəzləməlidir. Görək, Gəncə, Bakılı və MOİK buna hazırdırmı? Və ümumiyyətlə, “universal” prezidentindən və möhüründən başqa heç nəyi olmayan Bakılının yenidən yüksək liqada çıxış etməsinin kimə və nəyə xeyri var?
Deməli, “qızıl orta” tapılmalıdır. Qərar mümkün qədər düşünülmüş və hərtərəfli olmalıdır. Əks halda, gələn mövsümün sonunda yenə oturub “çempionatın format necə olsun” sualı ətrafında baş sındıracağıq.
