Premyer Liqa: krossvord, şərəf və bataqlıq haqqında
“Unibank” Premyer Liqasının 30-cu turuna azerisport.az-dan prevyu.
Milli çempionat sona yaxınlaşdıqca daha da maraqlı hal alır. Azərbaycan çempionatı isə yarımçıq. Çünki bu gün ikinci “altılıq”da oynanılan, məsələn, Simurq – Turan və Karvan – OŞ görüşlərinin elə bir mənası yoxdur. Niyə? Çünki nə Simurq, nə Turan, nə də OŞ-un böyük ölçüdə premyer liqanı tərk etmək qorxusu yoxdur. Yeganə qorxu Karvandadır ki, çempionatboyu xeyli xallar itirən Yevlax klubu indi qalan bütün oyunlarını qələbə ilə başa vurmalıdır. Amma bu da kifayət etməyə bilər. Çünki, yenə də məsələn, Muğanın bu gün Standardla Sumqayıtdakı heç-heçəsi Yunis Hüseynovun ümidlərinin üstündən birdəfəlik xətt çəkəcək. Elə Böyükağa Hacıyevin də. Standard və Karvanı aşağı liqaya yola salmaq üçün Muğana növbəti iki turda cəmi 2 xal yığmaq lazımdır. Nəzərə alsaq ki, 31-ci turda Salyan klubu artıq heç bir iddiası və qorxusu qalmayan Simurqu qonaq edir...
Cümlədə sətiraltı məna axtarmayın. Kiminsə kiməsə oyun verəcəyi barədə yazmaq və danışmaq məhkəmə materialı üçün əsas verir. Buna görə də bundan mümkün qədər qaçmalı olacağıq. Əgər danışmalı olsaq, gərək Qəbələ - Bakı görüşünü birinci növbədə qeyd edək. Məsələ hansısa klubun, Allah iraq eləsin, şərəfsizliyində deyil. Məsələ yayılan şayiələrdə və sistemdədir. “Altılıq” sistemi o qədər çürükdür ki (bu sətirlərin müəllifinin subyektiv fikrinə görə), indi turnir cədvəlinin 6-10-cu yerləri arasında faktiki olaraq, bataqlıq yaranıb. Deyə bilərsiniz ki, bütün dünyada və bütün sistemlərdə orta pillələrə “bataqlıq” deyirlər. Amma nümunələr var ki, elə həmin İngiltərə, İtaliya, İspaniya, yaxud Macarıstanda bu “bataqlıq”da qərarlaşmış komandalar sona bir tur qalmış liderdən xal alır və çempionluğun taleyini həll edir. Deməli, iş kiminsə şərəfsiz olmasında deyil. Axı oyunlar nə vaxt alınıb-satılır? Komandalardan birinin iddiası qalmayanda. Belə iddiasızların sayını mümkün qədər azaltmaq üçün isə tədbirlər görülməlidir. Məlum olduğu ki, “altılıq tədbiri” də bu fərsizliyin öhdəsindən gəlmədi. Xülasə, dəyişikliklər özünü doğrultmadı və... yenə də dəyişməliyik.
Birbaşa turun subyektlərinə, yəni oyunlarına keçsək, turnir vəziyyəti baxımından və sadəcə, çox önəmli olan iki matç görərik: İnter – Qarabağ və Neftçi – XL. Böyük oyun Böyük oyundur və Final mərhələsinin ilk dövrəsindəki matç da göstərdi ki, burada heç nə proqnozlara yatmır. Elementar olaraq, filan hakimin özünü necə aparacağını belə təxmin edə bilməzsən. İnter – Qarabağ görüşündə isə çox mətləblərə aydınlıq gələ bilər. Məsələn, İnterin çempionluq yarışından “qopmasından” (XL və Qarabağın qələbəsi halında), Qarabağın medallardan əl çəkməsindən (İnterə məğlub olması halında). Ya da ümumiyyətlə, heç nəyə aydınlıq gəlməyə bilər (hər iki görüşün heç-heçə başa çatması halında). Görürsünüzmü nə qədər variant var? Hələ üstündə Qəbələ - Bakı matçını və bu matçın mümkün nəticələrini gəlsək...
Bu cümləni təkrarlamaqdan bezmirik: variantlar çox olsun – bunlar futbolun incəliyi və özəlliyidir. Amma bu variantlar krossvorda çevrilməsin və kabinetlərdə, masalar üzərində, qələmlə həll olunmasın. Qalan bütün hallarda bütün nəticələr həyatın bir parçasıdır.
“Unibank” Premyer Liqası, 30-cu tur
Turnir vəziyyəti
İlk “altılıq”: XL – 26 xal,İnter – 25, Bakı – 24, Qarabağ, Neftçi – 20, Qəbələ - 16.
İkinci “altılıq”: OŞ – 29, Simurq – 28, Turan - 25, Muğan – 21, Standard – 19, Karvan – 13.
