Vədə yetişdi, Karvan dayandı
“Unibank” Premyer Liqası bir sakinini itirdi. Çempionatın bitməsinə iki tur qalmış sonuncu pillədə qərarlaşan Karvan yüksək liqada yerini qorumaq üçün nəzəri şansları belə qalmayıb.
Azerisport.az xəbər verir ki, Karvanın əvvəl-axır bu aqibətlə üzləşəcəyi gözlənilirdi. Məsələ heyətin hansı futbolçulardan qurulması, komandaya kimi rəhbərlik etməsində deyil. Hərçənd, bunlar da axırıncı məsələ olmasa da, bir futbol klubunun iddiası onun rəhbərliyinin münasibəti ilə ölçülür. 2004-cü ildə yaranan və qısa zamanda ölkənin ən sabit klubuna çevrilən Karvan həqiqətən böyük perspektivlər vəd edirdi. Yadınıza salın, bölgədə inşa edilən və az-çox standartlara cavab verən ilk stadion Yevlaxdakı arena idi, Karvan öz təlim-məşq toplanışını istifadəyə verən ilk region klubu olmuşdu. İlk iki debüt ilində bürünc və gümüş medallar qazanan bu kollektiv UEFA Kubokunda mərhələ adlayan ilk Azərbaycan klubu kimi də tarixə düşmüşdü. Neçə dənə “ilk” sözü saydınız? Əmin olun ki, bunların sayı sizin indi nəzərdə tutduğunuzdan da çox idi. Çünki biz, məsələn, klubun mətbuat xidmətinin, məşqçui heyətinin və digər stukturlarının imza atdığı “ilk”ləri saymadıq. 5 il əvvəl Karvan bütün mexanizmləri ilə meydançadakı nəticə işləyən Azərbaycan ölçüləri üçün ideal bir klub idi.
Amma zaman gəldi, vədə yetişdi və hər mənada Azərbaycan futbolunun gələcəyi hesab olunan bu kollektiv digərlərindən seçilməyən, Masallı və Bakılıya güc gələ bilməyən bir komandaya çevrildi. Bunun səbəbini konkret məqamda axtarmalı olsaq, yalnız və yalnız klub rəhbərliyinin futbola “soyuması”nı qeyd edə bilərik. Ağlımıza başqa bir şey gəlmir.
Maliyyə problemləri bir futbol komandasının ən böyük düşmənidir. Çünki futbol praqmatik təsərrüfatdır və hər mövsüm heyətini gücləndirməyən bir komandanın yekun nəticədə uğursuzluğa düçar olması qaçılmaz prosesdir. 2007-ci ildən etibarən Karvanda “yarpaq tökümü” başladı və bir-birinin ardınca, əvvəlcə aparıcı futbolçular, sonra komandanın uğurlarının memarı – Yunis Hüseynov Yevlaxı tərk etdi. Karvan Hüseynovun köməkçilərinin və digər klublarda icarəyə götürülən “ikinci sort” futbolçuların ümidinə qaldı. Üstəlik, açkar görünən maliyyə problemləri...
Hazırda PFL-in İctimaiyyətlə Əlaqəlar Departamentinə rəhbərlik edən Aslan Şahgəldiyev və onun yaxın ətrafının da Karvandan getməsi ilə klubun çöküşü artıq həll edilmiş məsələ idi. Sonradan həm Yunis Hüseynov, həm də “qızıl illər”in bir neçə qəhrəmanı – Markos Ferreyra, Bəşir Müqədi, Ernani Parreyra və digərləri Karvana döndülər, amma artıq qatar getmişdi: klub vahid mexanizm kimi fəaliyyətini itirmişdi və bu ilin qışında bir neçə təcrübəli, lakin futbol oynamaqdan başqa hər şeylə məşğul olan oyunçuların transferi batmaqda olan “Titanik”in xilas edilməsi cəhdlərinə bənzəyirdi.
Yeganə günahkar isə klub rəhbərliyidir. Günlərin bir günəşli günü rəhbərlik komandanı əvvəlki maliyyə dəstəyindən məhrum etdi və çöküş başlandı...
Premyer Liqa Karvanı itirdi, Karvan Premyer Liqanı itirdi. İndi yalnız bir xilaskar qalır. Nə qədər qəribə olsa da, bu “xilaskar”ın adı AFFA İcraiyyə Komitəsidir. “İcrakom komandanı hansı formada və necə xilas edə biləcək” sualına isə özünüz cavab verməyə çalışın. Bu elə də çətin deyil.
