Bağışlayın, amma bu, Böyük oyun deyil
"Bağışlayın, amma bu Böyük oyun deyil". Yazını məhz belə başlamaq istəyirik. Çünki mayın 1-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ölkənin bir nömrəli qarşıdurması adına heç nə görmədik.
Azerisport.az xəbər verir ki, Neftçi ilə XL-in bu mövsüm 4-cü oyunu da qolsuz başa çatdı. İnanılmazdır, amma eyni zamanda statistika ilə möhkəmlənmiş faktdır. Dahi Mark Tven də daxil olmaqla çox praqmatiklərin bədbinliklə yanaşdığl statistika bu dəfə sözünü qəti və bütöv deyir. Bu, Böyük oyun deyil! Neftçi və XL azarkeşləri çox dəlillər gətirə bilərlər. Qarşıdurmanın elə də böyük olmayan, amma bir çox maraqlı məqamlarla zəngin tarixinə gözümüz qarşısına qoya bilərlər. Bununla belə, görmə orqanımızın qarşısında daha bir təkzibolunmaz isbat dayanır. Düz 8 dənə (!) sıfır rəqəmi. Bax, bu rəqəm - 0. Belə Böyük oyun olarmı? Üstəlik, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda... Deyəsən, Azərbaycan futboluna az-çox özünəməxsus sima gətirən bir dueli itiririk...
Təssüfləndirən məqamlarla dolu tur dünən “biz ölkənin ən güclüsüyük” deyən İnterin həlledici anda büdrəməsi oldu. Kaxaber Çxadadze və onun ”rəngli” komandasına çoxları böyük ümidlər bəsləyirdi. Onların arasında bu sətirlərin müəllifi – bəndəniz də var idi. Hər şeydən əvvəl bizi İnterdə rəngarənglin və qeyri-ordinarlıq cəlb edirdi. ”Bankirlər”ə Avropanın gələcək fatehi kimi də baxırdıq. Nəticədə isə mövsümün sonunda boz kollektiv gördük. Özünə lazım olanı götürə bilməyən – XL-in büdrəməsindən istifadə edib 1-ci pilləyə çıxmağı bacarmayan bir komanda.
Turun yuxarıda şərh olunan iki hadisəsi, üstəgəl Bakının Qəbələdə məğlub olması Qarabağın yenidən çempionluq mübarizəsinə qoşulmasına şərait yaratdı. Bu gün bu perspektivlər bir qədər dumanlı görünür. Amma Qurban Qurbanovun komandası növbəti turda XL-i qəbul edəcək. Bakı isə İnterlə qarşılaşacaq. İlk 4 pillədə olan və bir-birindən cəmi 4 xal uzaqlıqda qərarlaşan komandalar yenə üz-üzə gələcəklər. Turnir cədvəlinə diqqət yetirin: doğrudan da hələ heç nə məlum deyil!
Nəhayət, ikinci altılıq barədə iki cümlədən artıq yazmaq üçün səbəb tapıldı. Amma bu səbəb kədərlidir: Premyer Liqa Karvan kimi komandanı və Yevlax kimi şəhəri itirdi. Karvanın son illərdəki durumunu gözə önünə gətirənlər və Yevlaxı bir şəhər kimi bəyənməyənlər bu sətirlərə ağız büzə bilərlər. Amma unutmayaq ki, Karvan Qarabağ, Şəmkir və Neftçi kimi Azərbaycan futbolunun tarixinə düşən – UEFA Kubokunda mərhələ keçən ilk klubdur. Ona isə olduqca istedadlı, amma görünür, bəxtsiz Yunis Hüseynov rəhbərlik edir.
Karvanın yoldaşı kim olacaq? Biz yazaq, siz sınayın: Standard.
“Unibank” Premyer Liqası, 30 tur
NEFTÇİ – XL 0:0
İkinci “altılıq”: OŞ – 32, Simurq – 31, Turan - 25, Muğan – 24, Standard – 19, Karvan – 13.
