Azərbaycanlılar Rusiyada "at oynadır"
Rusiya Premyer Liqası “qızışır”. Hər halda, rusiyalı jurnalistlər və şərhçilər hesab edirlər ki, təxminən aprel-may aylarında çempionatda mübarizə yeni mərhələyə qədəm qoyur. Bu belədir, ya yox, etiraf edək ki, bizi o qədər də dərindən maraqlandırmır. Bəs bizi nə maraqlandırır? Əlbəttə, azərbaycanlı futbolçuların və məşqçilərin çıxışı.
Azerisport.az xəbər verir ki, 8-ci tur həmyerlilərimiz və soydaşlarımız üçün o qədər də uğurlu olmadı. 5 “Azərbaycan” klubu üst-üstə cəmi 3 xal toplaya bildi. Bunladan da ikisi turun bir oyununa – Tereklə Lokomotiv görüşünə təsadüf edir. Yuri Syominin 90 dəqiqə Anatoli Baydaçnının yanında oturan Şahin Diniyevin müqavimətini qıra bilmədiyi (0:0) görüşdə Əliyev Aleksandr (soyadını qəsdən birinci yazdıq) “zəngdən-zəngə” – 90 dəqiqə oynadı.
Mahir Şükürov 46-cı dəqiqədə, yəni fasilədə əvəzləndi və bunu Moskva Spartakı ilə qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq üçün atılan addım kimi dəyərləndirdi. Onun komandası Anji isə zəif Krılya Sovetovu məyus edi bilmədi. Yenə 0:0.
Digər iki azərbaycanlının komandaları isə eyni hesabla – 0:1 – məğlub oldular. Aleksandr Səmədov (Dinamo) sürpriz lider Spartak-Nalçiklə səfər qarşılaşmasının 55-ci dəqiqəsində əvəzləndi. Ondan fərqli olaraq, Emin Mahmudov karyerasında ilk dəfə olaraq, bir Premyer Liqa matçında 90 dəqiqə mübarizə apardı. Hərçənd, o da Saturnun evdə Zenitə yenilməsini əngəlləyə bilmədi.
Rusiya Premyer Liqasının süjet xətti bir kənara qalsın. Biz AFFA-ya müraciət edirik. Aleksandr Səmədovu və - xüsusilə! – Emin Mahmudovu Azərbaycan yığmasına cəlb edib. Eminin cəmi 17 yaşı var və o artıq Saturnun əsas heyət futbolçusuna çevrilib!
Premyer Liqa, 8-ci tur
Turnir vəziyyəti: Spartak-Nç, Zenit – 18 xal, ÇSKA – 17, Rubin - 14, Spartak – 13, Lokomotiv, Terek – 11, Rostov – 10, Anji, Tom, Dinamo, Alaniya – 9, Amkar – 8, Kr. Sovetov – 5, Sibir, Saturn – 4.
