Məğlubedilməz İnterin het-trik şansı (VİDEO)
Bu gecə İtaliya kubokunun final matçı keçirilib. Azerisport.az xəbər verir ki, son 6 ildə 5-ci dəfə həlledici qarşılaşmada İnter və Roma üz-üzə gəliblər.
Ənənəvi olaraq, Romanın “Olimpiko” stadionunda keçirilən qarşılaşmada “canavarlar” daha şanslı hesab olunurdular. Amma artıq bir neçə ildir İtaliyada yenilməz nüfuzu qazanan İnter bu dəfə titulu əldən verməyib. Joze Mourinyonun komandası 40-cı dəqiqədə Dieqo Militonun qolu ilə qələbə qazanıb. Matçın 88-ci dəqiqəsində Romanın kapitanı Françesko Totti qırmızı vərəqə alaraq, meydançadan çıxarılıb.
Bununla İnter tarixində 6-cı dəfə “Coppa di Italia”nı baş üzərinə qaldırıb. Baş məşqçi Joze Mourinyo isə Portuqaliya (çempionat, kubok, superkubok) və İngiltərədən (çempionat, kubok, liqa kuboku, superkubok) sonra İtaliyadada (çempionat, kubok, superkubok) bütün mümkün titulları qazanıb.
Bu qələbədən sonra İnter mövsümü özünəməxsus het-triklə başa vurmaq imkanı qazanıb. Bunun üçün “neradzurri” həm A seriyasında, həm də ÇL-in finalında qələbə qazanmalıdır.
